Onlayn seminara NDU-nun 120-yə yaxın müəllim və tələbəsi qoşulub
Naxçıvan, 14 may, AZƏRTAC
Naxçıvan Dövlət Universiteti (NDU) Tibb fakültəsinin təşkilatçılığı ilə keçirilən onlayn seminara ali təhsil ocağının 120-yə yaxın müəllim və tələbəsi qoşulub.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, seminarda “Bakı Medical Plaza”nın tanınmış cərrah mama-ginekoloqu, professor Mehman Həmzəyev “Sonsuzluqda D vitaminin rolu, mamalıqda septiki vəziyyətlər” mövzusunda çıxış edib.
Vurğulanıb ki, D vitamini sinirlərin və əzələlərin, ürəyin, dərinin, qalxanvarı vəzinin, böyrəklərin sağlamlığı, qanın normal laxtalanması, arterial təzyiqin tənzimlənməsi, immun sisteminin normal fəaliyyəti üçün çox önəmlidir. Həmin vitamin bəzi xərçəng xəstəliklərinin (xüsusilə süd vəzi, yumurtalıqlar, prostat vəzi xərçəngi, leykoz) müalicəsi və profilaktikası üçün effektlidir.
Sonra NDU-nun məzunu olmuş, hazırda Türkiyə Respublikası Muş Bulanık Dövlət Xəstəxanasında Qadın xəstəlikləri və doğum uzmanı kimi çalışan Zahid Ağayev “Doğum zamanı ana ölümlərinin başlıca səbəbləri və qarşısının alınma yolları” mövzusu ilə bağlı ətraflı danışıb.
Sonda müəllim və tələbələrin mövzularla əlaqəli sualları cavablandırılıb.