“Optimal Elektronika”nın ilk istiqraz buraxılışını qeyd etmək məqsədilə “Açılış Zəngi” mərasimi keçirilib
Bakı, 23 noyabr, AZƏRTAC
Noyabrın 23-də Bakı Fond Birjasında (BFB) “Optimal Elektronika” MMC-nin mütəşəkkil kapital bazarlarında ilk istiqraz buraxılışını qeyd etmək məqsədilə “Açılış Zəngi” mərasimi keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, 2,5 milyon manat həcmində olan yerləşdirmənin anderraytinq xidmətini BFB-nin üzvü olan “AzFinance İnvestisiya Şirkəti” QSC həyata keçirib.
Açılış mərasimində emitent tərəfindən “Optimal Elektronika” MMC-nin direktoru Əhəd Əsgərov, Mərkəzi Bankın Kapital bazarına nəzarət departamentinin Prudensial siyasət və metodologiya şöbəsinin rəisi Arif Cəlilov, birja üzvü tərəfindən “AzFinance İnvestisiya Şirkəti” QSC-nin direktoru İntiqam Səfərəliyev, BFB-nin Biznes İnkişafı Qrupunun rəhbəri Emil Babayev iştirak edib. BFB-nin Biznes İnkişafı Qrupunun rəhbəri Emil Babayev “Açılış Zəngi” Mərasimini açıq elan edərək “Optimal Elektronika”nın MMC-nin birja vasitəsilə həyata keçirtdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirdi.