ÖTƏN İL 1205 MİNA VƏ PARTLAMAMIŞ MƏRMİ ZƏRƏRSİZLƏŞDİRİLMİŞDİR
Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ƏMTMA) mütəxəssisləri 2001-ci il ərzində əvvəllər erməni işğalı altında olmuş 9 kəndin 800 min kvadratmetr sahəsini minalardan və partlamamış mərmilərdən təmizləmişlər. Həmin tədbirlər zamanı 1205 mina və mərmi zərərsizləşdirilmişdir. Bu barədə agentliyin ötən ilki fəaliyyətinə dair hesabatda məlumat verilir.
Ərazilərin minalardan təmizlənməsi proqramı Azərbaycan hökuməti ilə BMT-nin İnkişaf Proqramının (BMTİP) birgə layihəsidir və ƏMTMA tərəfindən həyata keçirilir. BMTİP-in köməyi ilə agentliyin ofisində operativ əməliyyatın mühüm cəhətlərini öyrətmək üçün məşğələlər keçirilmişdir. Agentliyin bir sıra əməkdaşları Böyük Britaniyanın Qranfild Universitetində və Cenevrədə minatəmizləmə üzrə beynəlxalq humanitar mərkəzdə ali idarəetmə kurslarını uğurla başa çatdırmışlar.
Milli minatəmizləmə qrupu 2001-ci ildə yaradılmışdır. O vaxtdan bəri 30 istehkamçı ixtisas kurslarını bitirmiş, istehkamçı qrupları tam formalaşdırılmış, onlar xüsusi öyrədilmiş itlərlə təmin edilmişlər.
ƏMTMA əməkdaşları Göranboy rayonunun Aşağı Ağcakənd yaşayış məntəqəsində İşğaldan Azad Olunmuş Ərazilərin Bərpası və Yenidən Qurulması Agentliyi tərəfindən bərpa edilən məktəbin ərazisini, habelə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının müraciəti əsasında Füzuli rayonundakı Alxanlı kəndinin ərazisini, - bu beynəlxalq təşkilat həmin kənddə “Bərpa və vətənə qayıdış” layihəsini həyata keçirir, - minalardan təmizləmişlər.