Ötən il 3 mindən çox təhlükə potensiallı obyektdə dövlət nəzarəti həyata keçirilib
Bakı, 25 yanvar, AZƏRTAC
Yanvarın 25-də Fövqəladə Hallar Nazirliyi (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi ötən ilin yekunları ilə bağlı brifinq keçirib.
AZƏRTAC-ın məlumatına görə, brifinqdə agentliyin rəisi Vüsal Ağayev bildirib ki, agentlik təhlükə potensiallı obyektlərdə və dağ-mədən sahəsində texniki təhlükəsizlik tələblərinə riayət olunmasına dövlət nəzarətini həyata keçirir. Ötən il agentlik tərəfindən 3 min 112 təhlükə potensiallı obyektdə dövlət nəzarəti həyata keçirilib, təhlükə potensiallı obyektlərdə istismar olunan 9 minə yaxın qurğu və avadanlıqlara texniki təhlükəsizlik sertifikatı verilib, 1338 hüquqi və fiziki şəxs tərəfindən istismar olunan təhlükə potensiallı qurğu və avadanlıqlar dövlət reyestrində ilkin və təkrar qeydiyyatdan keçirilib: “Texniki təhlükəsizlik qaydaları üzrə biliklərin yoxlanılması sahəsində 3 min 948 nəfər fəhlənin, 2 min 416 nəfər mühəndis-texniki işçinin bilik səviyyəsinin yoxlanılması təmin edilib. 654 hüquqi və fiziki şəxs tərəfindən istismar olunan 1465 ədəd texnoloji nəqliyyat vasitəsi ilkin və təkrar qeydiyyata alınıb. Eyni zamanda, 585 hüquqi və fiziki şəxs tərəfindən istismar olunan 1952 texnoloji və digər mexaniki nəqliyyat vasitələrinin texniki baxışı həyata keçirilib”.
Ötən il ərzində agentliyə 21 min 377 sənəd daxil olduğunu bildirən V.Ağayev həmin sənədlərdə tələb olunan sorğulara vaxtında cavab verildiyini qeyd edib: “Daxil olmuş 432 şikayət ərizəsindən 401-nə baxılaraq müvafiq qaydada qərarlar verilib. Agentlik tərəfindən qəbul edilmiş sorğular, müraciətlər və digərləri daxil olmaqla bu müddətdə aidiyyəti icra orqanlarına, müxtəlif müəssisə və təşkilatlara 14 min 891 sənəd göndərilib”.
V.Ağayev sahibkar-məmur münasibətlərinin minimuma endirilməsi, agentlik tərəfindən göstərilən xidmətlərin operativliyinin və şəffaflığının təmin olunması istiqamətində bir sıra yeniliklərin həyata keçirildiyini də deyib: “Belə ki, 2022-ci il noyabrın 1-dən etibarən “ASAN xidmət” mərkəzinin 7 saylı bölməsində agentliyin 2 əsas xidmət sahəsi olan partlayıcı maddələr və qurğuların və tezalışan maddələr və pirotexniki məmulatların mülki dövriyyəsinə “Xüsusi icazə”nin və “Təhlükə potensiallı obyektlərin Dövlət reyestrindən keçirilməsi barədə Çıxarışı”nın verilməsinə başlanılıb. 2023-cü il yanvarın 1-dən isə qeyd olunan xidmətlərin göstərilməsi, həmçinin Bakı KOB evində təşkil edilib. Ötən il agentlik tərəfindən 7 saylı “ASAN xidmət” mərkəzində göstərilən xidmətlərdən ümumilikdə 4 minə yaxın sahibkar istifadə edib. Göstərilən xidmətlər təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi qaydaları barədə məlumat verilməsi, çıxarış və icazələrin alınması üçün müraciətlərin qəbulu, həmçinin hazır sənədlərin təhvil verilməsindən ibarət olub”.
Agentliyin tərkibində fəaliyyət göstərən Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun illik fəaliyyəti barədə danışan V.Ağayev qeyd edib ki, il ərzində institutda təşkil olunan müxtəlif ixtisaslar üzrə təlim kurslarında təhlükə potensiallı obyektlərdə çalışan 8 min 358 nəfər iştirak edib.