Ötən il məişət zorakılığı ilə bağlı 58 mühafizə orderi verilib
Bakı, 13 may, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən 2021-ci ilin 9 ayı ərzində məişət zorakılığı ilə bağlı rayon icra hakimiyyətlərinə 73 mühafizə orderi verilib. Bunlardan 69-u qısamüddətli, 4-ü isə uzunmüddətli mühafizə orderi olub. 2022-ci ildə isə verilən 58 mühafizə orderindən 46-sı qısamüddətli, 12-si isə uzunmüddətlidir.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) Hüquqi təminat şöbəsinin məsləhətçisi İradə Məmmədova AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirib.
Dövlət Komitəsi rəsmisinin sözlərinə görə, 2022-ci ilin yekunlarına dair statistik hesabatlara əsasən, il ərzində icra və probasiya qurumlarının icraatında məişət zorakılığı ilə əlaqədar 158 icra sənədi qeydiyyata götürülüb.
Azərbaycanda məişət zorakılığının qarşısının alınması və qadınların hüquqlarının müdafiəsi üçün davamlı tədbirlər həyata keçirildiyini diqqətə çatdıran İ.Məmmədova bildirib ki, 2006-cı ildə “Qadın və kişilərin bərabər hüquqlarının dövlət təminatı haqqında” Qanun qəbul edilib. Həmçinin gender bərabərliyinin hüquqi əsasını qoyan Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında Konvensiya ratifikasiya edilib. Azərbaycanda məişət zorakılığının qarşısının alınmasına dair Milli Strategiya və Milli Fəaliyyət Planının təsdiq edilməsi bu istiqamətdə çox mühüm və müsbət işlərdən biridir.
Onun sözlərinə görə, Milli Fəaliyyət Planının əsas məqsədi ölkədə məişət zorakılığının qarşısının alınması üzrə tədbirlərin beynəlxalq standartlara uyğunlaşdırılması, ailələrin möhkəmləndirilməsi naminə onların vaxtında və hərtərəfli yardımla təmin edilməsi, məişət zorakılığı ilə mübarizə sahəsində normativ hüquqi aktlarda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi və səmərəliliyinin artırılmasıdır.