Ötən il Naxçıvanda tibbi xidmətin səviyyəsi daha da yüksəldilib
Naxçıvan, 1 fevral, AZƏRTAC
Ötən il əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində işlər davam etdirilib. Muxtar respublika sakinlərinin sosial rifahının yüksəlməsinə əsaslanan, səhiyyə xidmətlərinin səmərəliliyini, keyfiyyətini artırmaq məqsədi daşıyan icbari tibbi sığortanın əhatə dairəsinin daha da genişlənməsi üçün quruculuq tədbirləri davam etdirilib, həyata vəsiqə alan yeni səhiyyə müəssisələrinin maddi-texniki bazaları gücləndirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasından irəli gələn vəzifələrə, nazirlik və onun yerli orqanları tərəfindən 2020-ci ildə görülmüş işlərə, 2021-ci ildə qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında bu barədə danışılıb.
Səhiyyə naziri Niyazi Novruzov çıxış edərək bildirib ki, 2020-ci ildə dünyada pandemiya halını alan virusun muxtar respublikada yayılmasının qarşısının alınması sahəsində genişmiqyaslı tədbirlər görülüb, bu məqsədlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb, müasir laboratoriya qurulub və lazımi tibbi ehtiyatlar alınıb. Virusla mübarizə məqsədilə səhiyyə müəssisələri ümumi dəyəri 4 milyon 700 min manatdan artıq olan tibbi avadanlıqlar, dərman və ləvazimatlar, həmçinin dezinfeksiyaedicilərlə təmin olunub.
“Naxçıvan Muxtar Respublikasında uşaqların sağlamlığının qorunması sahəsində işlərin həcminin və keyfiyyətinin artırılması məqsədilə “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrasının davam etdirilməsi nəticəsində uşaqlara göstərilən tibbi xidmətin səviyyəsi xeyli yüksəlib, onların sağlamlıq vəziyyətinin yaxşılaşdırılması, uşaq ölümünün azaldılması istiqamətində müsbət nəticələr əldə olunub”, - deyən nazir bildirib ki, son illər qan xidmətinin inkişafına da xüsusi diqqət yetirilir. Naxçıvan Muxtar Respublika Xəstəxanasında mövcud şərait Mərkəzi Qan Bankının fəaliyyətinə geniş imkanlar açıb. Mərkəzi Qan Bankında qan komponentlərinin alınması və uzun müddət saxlanılması üçün lazımi imkanlar var. Görülən işlərin nəticəsi olaraq muxtar respublikada talassemiya və hemofiliyalı xəstələrin ömür müddəti xeyli uzadılıb. Hazırda muxtar respublikada 39 talassemiyalı, 75 hemofiliyalı xəstə qeydiyyatda durur. Onların qan komponentləri ilə bərabər, dərman təminatı da daim yüksək səviyyədə aparılır.
Diqqətə çatdırılıb ki, hesabat dövründə tibb işçilərinin ixtisas səviyyəsini artırmaq məqsədilə çoxsaylı seminar və konfranslar keçirilib, Bakı şəhəri və Türkiyə Respublikasının müxtəlif klinika və xəstəxanalarına təkmilləşdirmə kurslarına göndərilmiş həkim və orta tibb işçilərinin sertifikasiya işi davam etdirilib.
Məruzə ətrafında müzakirələr olub.