MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır!”
“Eurovision-2012” mahnı müsabiqəsinin şoularına biletlər neçəyədir?
Bakı, 21 aprel (AZƏRTAC). Xəbər verdiyimiz kimi, aprelin 23-dən etibarən bu ilin mayında Bakı şəhərində keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinin yarımfinallarına (22 və 24 may), yarımfinalların əsas məşqlərinə (21 və 23 may) və jüri finalına, yəni final şousunun əsas məşqinə (25 may) biletlərin vauçerlərinin kassa satışına başlanacaqdır.
Satış paytaxtdakı 6 kassada həyata keçiriləcəkdir. Bəs “Eurovision-2012” mahnı müsabiqəsinin yarımfinallarına, yarımfinalların əsas məşqlərinə və jüri finalına biletlər neçəyədir?
AZƏRTAC xəbər verir ki, “Eurovision-2012” mahnı müsabiqəsinin mayın 22-də və 24-də keçiriləcək yarımfinal şoularının hər birinin biletləri 90-150 manat, onların əsas məşqlərinin biletləri 30-50 manat, jüri finalının biletləri isə 60-100 manat arasındadır.
“Eurovision-2012” mahnı müsabiqəsinin mayın 26-da keçiriləcək final şousuna milli kvota üzrə ayrılmış biletlərin isə hamısı satılmışdır.
Biletlər Heydər Əliyev Sarayının, Azərbaycan Dövlət Opera və Balet Teatrının və Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kassalarında, eləcə də “Azərbaycan” kinoteatrının, Hökumət Evinin yanında və Nizami küçəsi, 68 ünvanında yerləşən köşklərdə satılacaqdır.