MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır!”
“Eurovision-2012” mahnı müsabiqəsinin şoularına vauçerləri necə və harada almaq olar?
Bakı, 21 aprel (AZƏRTAC). Xəbər verdiyimiz kimi, aprelin 23-dən etibarən bu ilin mayında Bakı şəhərində keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinin yarımfinallarına (22 və 24 may), yarımfinalların əsas məşqlərinə (21 və 23 may) və jüri finalına, yəni final şousunun əsas məşqinə (25 may) biletlərin vauçerlərinin kassa satışına başlanacaqdır.
AZƏRTAC xəbər verir ki, satış paytaxtdakı 6 kassada həyata keçiriləcəkdir. Biletlər adlı olacaq və hər bir bilet müvafiq şəxsin adına sənədləşdiriləcəkdir. Azərbaycan Respublikasının vətəndaşları üçün bilet satışı yalnız şəxsiyyət vəsiqəsi əsasında aparılacaqdır. Bilet satışında 16 yaşına çatmayanların şəxsiyyətini təsdiqləyən sənəd doğum haqqında şəhadətnamə hesab olunur. Azərbaycan Respublikasında yaşayan əcnəbilər üçün bilet satışı xarici pasport əsasında aparılacaqdır.
Hər bir şəxs maksimum 10 bilet ala bilər. Bu zaman digər şəxslərin də sənədləri təqdim edilməlidir. Biletlərin satışı zamanı ödəmə nağd və kart sistemi ilə, Azərbaycan Respublikasının milli valyutası olan manatla olacaqdır. Alınmış vauçer və ya bilet dəyişdirilə, qaytarıla və ya üçüncü bir şəxsə verilə bilməz.
Xüsusi qoruma nişanı olan bu vauçerlər hər bir şəxsin “Eurovision-2012” mahnı müsabiqəsinin müvafiq şousuna bilet aldığını təsdiqləyir. Kassalarda və ya online sistemlə alınmış vauçerlər may ayının ikinci yarısından etibarən şəxsiyyəti təsdiqləyən sənəd əsasında biletlərə dəyişdiriləcəkdir.
Bakı şəhərində biletlərin kassa satışı aşağıdakı ünvanlarda olacaqdır:
-Heydər Əliyev Sarayının kassası (saat 11:00-dan 19:00-dək),
-Nizami 68 ünvanında yerləşən satış köşkü (saat 11:00-dan 19:00-dək ),
-Azərbaycan kinoteatrının yaxınlığındakı satış köşkü (saat 10:30-dan 18:30-dək),
-Hökumət Evinin yaxınlığındakı satış köşkü (saat 10:00-dan 18:00-dək),
-Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının kassası (11:00-dan 19:00-dək),
-M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kassası (saat 11:00-dan 19:00-dək).
“Eurovision-2012” mahnı müsabiqəsinin mayın 26-da keçiriləcək final şousuna milli kvota üzrə ayrılmış biletlərin isə hamısı satılmışdır.