Özbəkistanda yaşayan soydaşlarımız Azərbaycan Ordusunda könüllü qulluq etmək üçün müraciət ediblər
Daşkənd, 21 iyul, AZƏRTAC
Özbəkistanda yaşayan soydaşlarımızın bir qrupu Azərbaycan Ordusunda könüllü qulluq etmək üçün ölkəmizin Daşkənddəki səfirliyinə müraciət ediblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev soydaşlarımızla görüşüb. Səfir vətənpərvərliyə göstərdiklərinə görə soydaşlarımıza minnətdarlıq edib. O deyib ki, digər xarici ölkələrdə də Azərbaycan Ordusunda könüllü xidmət etmək istəyən soydaşlarımız çoxdur. Belə vətənpərvər oğlanlarımız hər cür hörmətə layiqdir.
Diplomat deyib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən 46 mindən çox vətəndaşımız Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydə alınıb. Səfir vurğulayıb ki, Azərbaycanın güclü ordusu və hərbi texnikası var və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının qaytarılacağı gün uzaqda deyil.
Daşkənddə yaşayan soydaşımız Vüsal Rzayev deyib: “Ermənistanın Tovuz rayonu istiqamətində Azərbaycana qarşı təxribat törətdiyi gündən gecəmiz gündüzümüz yoxdur. Bu gün buraya 25 nəfər gəlmişik, ancaq Azərbaycan Ordusunda könüllü qulluq etmək istəyənlər yüzlərlədir. Qardaş özbək xalqının nümayəndələri də Azərbaycana dəstək ifadə edirlər. Onların içərisindən könüllü olaraq Azərbaycana getmək istəyənlər var”.
Soydaşlarımızdan Elvin Əli, Məhəmməd Mahmudov bildiriblər ki, Vətənimizi müdafiə etməyə həmişə hazırdırlar. Qeyd ediblər ki, torpaqlarımızın erməni təcavüzkarlarının əlində qalması ilə heç vaxt barışmayacağıq, Dağlıq Qarabağ və digər ərazilərimizin tezliklə işğaldan azad olunacağına əminik.
Sonra soydaşlarımız səfirliyin konsulluq şöbəsində qeydə alınıblar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd