Pakistanda keçirilən “İƏT Modeli-2023” proqramında qlobal iqlim dəyişikliyi problemi müzakirə olunub
Bakı, 27 noyabr, AZƏRTAC
İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzi (İƏGF Avrasiya Regional Mərkəzi) və Pakistan Milli İƏT Modelinin təşkilatçılığı, Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının dəstəyi ilə Pakistanın İslamabad şəhərində yerləşən Regional Tədqiqatlar İnstitutunda “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli Simulyasiyası” tədbiri keçirilib.
İƏGF-dan AZƏRTAC-a bildiriblər ki, proqramın əsas məqsədi İƏT ölkələrində fəaliyyət göstərən gənclərin liderlik qabiliyyətlərinə, kommunikativ və beynəlxalq arenada təmsilçilik bacarıqlarına töhfə verməkdir.
Üçgünlük tədbirin açılış mərasimində müqəddəs “Qurani-Krim”dən ayə oxunduqdan sonra çıxış edən Pakistan Milli İƏT Modeli üzrə layihə koordintoru Rutaba Tariq proqramın məqsədləri, indiyədək bu ölkə ərazisində keçirilən İƏT Modeli tədbirləri barədə geniş məlumat verib.
Təbrik nitqləri ilə çıxış edən İƏGF Avrasiya Regional Mərkəzinin direktor vəzifəsini icra edən Vüsal Qurbanov, İƏGF Avrasiya Regional Mərkəzin idarə heyətinin üzvü Aygül Qabdrrəhmanova, İndoneziya İƏT Gənclər Təşkilatının sədri Astrid Nadya Rizqita iştirakçıları salamlayaraq, tədbirin uğurlu keçməsini arzulaylblar. Əsas məruzəçi qismində çıxış edən Pakistan Xarici İşlər Nazirliyinin İƏT Bölməsinin direktoru səfir Bilal Əkrəm Şah və Pakistan Regional Tədqiqatlar İnstitutunun prezidenti səfir Nədim Niyaz hazırda qlobal problem olan iqlim dəyişikliyindən, gənclərin bu fenomenlə mübarizədə oynaya biləcəyi roldan, eləcə də postppandemiya dövründə İƏT ölkələrinin üzləşdiyi problemlərdən bəhs ediblər.
“Bu yaxınlarda Bakıda keçirilən İƏT Əmək Nazirlərinin 5-ci konfransının yekun qərarına əsasən, bu şəhərdə İƏT Əmək Mərkəzi təsis edilib. Azərbaycanın İƏGF Avrasiya Regional Mərkəzinə, eləcə də İƏT Əmək Mərkəzinə ev sahibliyi etməsi, Azərbaycan hökumətinin İƏT və üzv-ölkələrlə əlaqələrin inkişafına göstərdiyi xüsusi diqqətin nümunəsidir”, - deyə V.Qurbanov vurğulayıb.
Pakistanın müxtəlif universitet və şəhərlərindən olan 50-yə yaxın gənc liderin, eləcə də İndoneziya gənclərindən ibarət xüsusi nümayəndə heyətinin iştirak etdikləri, İƏT iclaslarını simulyasiya edən “İƏT Modeli” konfransında müzakirə olunan əsas mövzu “Yaşıl gələcəyin planının tərtib edilməsi: iqlim dəyişikliyi ilə mübarizədə və ətraf mühitin qorunmasında İƏT-in rolu” olub. İqlim dəyişikliyinin İƏT ölkələrində prioritet məsələ olduğunu vurğulayan iştirakçılar gənclərin gələcəkdə bu prosesdə iştirakının daha aktiv olmasının vacibliyini bildiriblər. Bu mövzu ilə bağlı fikirlərini bildirən V.Qurbanov Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaşıl enerji istehsalının prioritet olduğunu bildirib, İƏT ölkələrinin də Azərbaycanla birgə bu ərazilərdə yenidənqurma və ekologiyanın bərpası prosesində iştirak etdiyini diqqətə çatdırıb.
Tədbirin ilk günündə səfir Nədim Niyazın moderatorluğu ilə “Diplomatiya səngərində: real nəticələrə real baxışlar” və Beynəlxalq Münasibətlər üzrə Kəşmir İnstitutunun sədri Altaf Hüseyn Vani, Kəşmir Gənclər Forumunun icraçı direktoru Zaman Bacvanın moderatorluğu ilə isə “Siyasi münaqişələrin ətraf mühitə təsiri: Hindistanın işğal etdiyi Cəmmu və Kəşmir və Dağlıq Qarabağ örnəyi” mövzularında müzakirələr aparılıb.
Tədbirin ikinci günü isə Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatını Proqram və layihələr üzrə direktoru professor Zülfüqar Əlinin moderatorluğu ilə “Dayanıqlı Ərzaq Sistemi üzrə Gənc Sahibkarlıq və Aqrotexnologiya İnnovasiyası” mövzusunda debatlar keçirilib.