Pakistanda sabiq Baş nazir İmran Xanın məhkəmə prosesi başlayıb
Bakı, 1 noyabr, AZƏRTAC
Pakistanda sabiq Baş nazir və müxalif “Ədalət uğrunda hərəkat” partiyasının lideri İmran Xana və sabiq xarici işlər naziri Şah Mahmud Qureşiyə qarşı xüsusi məhkəmə prosesi başlayıb.
AZƏRTAC Geo News telekanalına istinadla xəbər verir ki, müttəhimlərin məhkəmənin dayandırılması və girov müqabilində azad edilmələri barədə apellyasiya şikayətini rədd edən məhkəmə kollegiyası hazırda şahid ifadələrini araşdırır. Məhkəmənin növbəti iclası noyabrın 7-nə təyin olunub.
Pakistanın Federal Təhqiqatlar Agentliyi İmran Xan və Şah Mahmud Qureşini “Dövlət sirri barədə qanunu” pozmaqda, Xarici İşlər Nazirliyinin diplomatik şifrəsindən siyasi məqsədlər üçün istifadədə və dövlətin təhlükəsizlik maraqlarına zərər vurmaqla şəxsi mənfəətləri naminə məxfi sənədlərin məzmununu açmaqda ittiham edir.
İmran Xana qarşı təhqiqat onun 2022-ci il martın 27-də Pakistanın Vaşinqtondakı səfirindən şifrəli teleqram aldığını elan etməsindən sonra başlayib. Sabiq Baş nazirin sözlərinə görə, ABŞ nümayəndələri diplomatik missiyanın rəhbəri ilə söhbətində 2022-ci ilin fevralında Moskvaya səfəri zamanı nümayiş etdirdiyi Rusiya yönümlü mövqeyinə görə hökumət başçısının hakimiyyətdən uzaqlaşdırılmalı olduğunu tövsiyə edib.
Qeyd edək ki, İmran Xan 2022-ci ilin aprelində parlamentin aşağı palatasının etimadsızlıq səsverməsi nəticəsində Baş nazir postundan kənarlaşdırılıb. Bu vəzifədə İmran Xanı əvəzləyən Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif Birləşmiş Ştatların ölkədə rejim dəyişikliyinə heç bir təsir göstərmədiyini deyib.