Pakistanın üç böyük şəhərində kibertəhlükəsizlik mərkəzləri yaradılır
Bakı, 25 fevral, AZƏRTAC
Pakistanın Kəraçi, Heydərabad və Sukkur şəhərlərində sosial mediada ekstremizm və nifrət təbliğatının qarşısını almaq məqsədilə kibertəhlükəsizlik mərkəzləri yaradılır. Bu qərar Pakistan Federal Təhqiqat Agentliyinin son illər sosial şəbəkələrdə apardığı monitorinqlərin nəticələrinə əsasən verilib.
AZƏRTAC “Dawn” agentliyinə istinadla xəbər verir ki, kibercinayətkarlıqla mübarizənin gücləndirilməsi Pakistan hökumətinin iclasında da müzakirə olunub. Pakistan Federal Təhqiqat Agentliyinin direktoru Yunus Çandio bildirib ki, yaradılan mərkəzlərin rəhbərlərinin qarşısında konkret vəzifələr qoyulub, onlar ən müasir texnoloji avadanlıqlarla təchiz edilib. Onun sözlərinə görə, hökumətin bu qərarından sonra virtual cinayətkarlıqla məşğul olan ünsürlərə qarşı mübarizə yeni vüsət alacaq.
Pakistanın federal informasiya naziri Fəvad Çodhri də bəyan edib ki, bu mərkəzlərin əsas vəzifəsi ekstremistlərə, gəncləri terror təşkilatlarına cəlb etmək istəyənlərə qarşı mübarizə aparmaqdır. İnsan haqları müdafiəçilərinin pessimist bəyanatlarına baxmayaraq, nazir əlavə edib ki, yeni mərkəzlər kibercinayətkarlıq haqqında qanuna rəğmən bu cür halların qarşısını alacaqlar. O, parlamentin dini ekstremizmin müzakirə olunduğu iclasında bəyan edib ki, yaxın həftələrdə müvafiq əməliyyatlara başlanılacaq.
Federal Təhqiqat Agentliyinin direktoru qeyd edib ki, yeni təşəbbüs çərçivəsində sosial mediada ekstremistlərin yaydıqları feyk xəbərlər, şayiələr və təbliğata qarşı adekvat tədbirlər görüləcək.