Pakistanlı analitik: Azərbaycanda koronavirusla mübarizə istiqamətində görülən işlər təqdirəlayiqdir
Bakı, 17 aprel, AZƏRTAC
Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzi Azərbaycanın dünyada yayılmış koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə uğurlu beynəlxalq əməkdaşlığını təqdir edən məqalə yayıb.
Mərkəzin İdarə Heyətinin üzvü, geosiyasi məsələlər üzrə analitik Mahmud Hasan Xanın müəllifi olduğu məqalədə koronavirus Azərbaycanda yayılmağa başlayandan bəri ölkənin BMT, onun ixtisaslaşmış qurumları, agentlikləri, xüsusilə də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə sıx əlaqələr qurduğu qeyd edilir. Vurğulanır ki, regionun bütün ölkələri, xüsusən də Azərbaycan, Qazaxıstan, Rusiya, Özbəkistan COVID-19 pandemiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə kompleks tədbirlər həyata keçiriblər, eləcə də beynəlxalq şərtlərə və standartlara uyğun olaraq bir sıra məhdudlaşdırıcı tədbirlər görüblər. Bu ölkələr insanların gündəlik yaşam tərzini və dünyada istehsal prosesini kəskin şəkildə dəyişdirən təhlükəli virusa qarşı mübarizə aparmaq məqsədilə qarşılıqlı əlaqəli şəkildə müxtəlif strategiyalar həyata keçirməyə müvəffəq olublar. Onlar pandemiyanın öz cəmiyyətlərinə və iqtisadiyyatlarına təsirinin minimuma endirilməsi üçün fərdi strategiyalarını da həyata keçiriblər.
Müəllif vurğulayır ki, Azərbaycanda pandemiyanın geniş yayılmasının qarşısının alınması və onun təsirinin minimumlaşdırılması istiqamətində dövlətin apardığı uğurlu siyasət təqdirəlayiqdir. Koronavirusun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb.
Məqalədə Azərbaycan hökumətinin ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılması, müxtəlif təşkilatlar və şəxslər tərəfindən bu fonda ianələr olunması barədə də məlumat verilir. Həmçinin Azərbaycanda pandemiyanın ölkə iqtisadiyyatına və makroiqtisadi sabitliyə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Nazirlər Kabinetinə 2,5 milyard manat həcmində vəsaitin ayrıldığı qeyd edilir.
Məqalədə COVID-19-la mübarizədə Azərbaycanın beynəlxalq aləmə töhfələrinə də xüsusi diqqət yetirilir, Azərbaycan hökuməti tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının müvafiq fonduna 5 milyon dollar məbləğində könüllü maliyyə yardımından bəhs edilir.