Pambıq tarlalarında ikinci becərmə işləri aparılır
Zərdab, 20 iyun, AZƏRTAC
Zərdab rayonunda pambıq əkini sahələrinin ikinci kompleks becərilməsinə başlanılıb. Bu iş üçün kifayət qədər işçi qüvvəsi və texnika cəlb olunub.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə 2520 hektarda çiyid səpini aparılıb və hər yerdə normal çıxış alınıb. İstehsalçılar hazırda cərgə aralarına kultivasiya çəkir, alaq otlarına qarşı kətmənləmə aparır, dərmanlama işlərini həyata keçirirlər. Bu işlər üçün 150 nəfərdən çox işçi qüvvəsi, 8 ədəd kultivasiya çəkən traktor və digər texnika ayrılıb. Dərmanlama hər yerdə sanitar qaydalara uyğun aparılır. Bunun üçün hamı tibbi maskalarla təmin olunub.
İkinci kompleks becərmə işlərinə hər yerdə, xüsusilə Bəyimli, İsaqbağı, Şahhüseynli və bir sıra digər ərazi dairələrində daha mütəşəkkil hazırlıqla başlanılıb.