Papa Fransisk hər kəsi Türkiyə və Suriya ilə həmrəy olmağa çağırıb

Vatikan, 8 fevral, AZƏRTAC
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk şiddətli zəlzələ nəticəsində çoxlu sayda insan tələfatına görə hər kəsi Türkiyə və Suriya xalqları ilə həmrəylik nümayiş etdirməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, Papa Fransisk hazırda fikirlərinin minlərlə insanın ölümünə və yaralanmasına səbəb olan zəlzələdən ciddi şəkildə təsirlənən Türkiyə və Suriya xalqları ilə olduğunu bildirib.
“Onlar üçün güclü hisslərlə dua edirəm. Bu dağıdıcı fəlakətdən əziyyət çəkən bütün insanlara və xalqlara öz yaxınlığımı bildirmək istəyirəm. Qardaş və bacılarımızın bu faciə qarşısında irəliləyə bilmələri üçün birlikdə dua edək”, - deyə Roma Papası vurğulayıb.
Papa Fransisk, həmçinin əlverişsiz hava şəraiti, yolların ciddi zədələnməsi kimi problemlərlə üzləşən və bu çətin şəraitdə həyat xilas etməyə çalışanlara təşəkkür edib və onlar üçün dua etməyi xahiş edib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan