Paralimpiya idmançıları Parisdəki Şarl de Qoll Beynəlxalq hava limanında sponsor axtarışına çıxıblar
Paris, 3 dekabr, AZƏRTAC
Paris 2024 Olimpiya Oyunlarının başa çatmasından sonra bir çox paralimpiya idmançıları Los Anceles 2028 Oyunlarına hazırlıq üçün sponsorları qorumaqda və yeni sponsorlar tapmaqda çətinlik çəkir.
AZƏRTAC xəbər verir ki, idmançılar səslərini və dolanmaqla bağlı çətinliklərini çatdırmaq üçün hərəkətə keçiblər. Dekabrın 3-də paralimpiya idmançılarının nümayəndə heyəti Parisdəki Şarl de Qoll Beynəlxalq hava limanında, “Sponsor axtarıram” yazılı plakatlarla səyahətçilərin diqqətini maliyyə çətinliklərinə cəlb etmək üçün toplaşıb. Səhər erkən saatlarda hava limanının “Terminal 1”in gəliş qapıları önündə toplaşan paralimpiya və olimpiya idmançısı bu problemə diqqət çəkməyə çalışıb.
“Biz yalnız Oyunlardan ibarət deyilik. İnsanlara xatırlatmaq istəyirik ki, hər kəs yüksəksəviyyəli idmanla məşğul olmaq üçün yetərli maliyyəyə malik deyil. Ən yaxşı olmaq istəyiriksə, lazımi resurslarımız olmalıdır”, - deyə Parakanoya üzrə bir neçə dəfə medal qazanan Elea Şarve yerli mətbuata bildirib.
Beynəlxalq Əlillər Gününə təsadüf edən “Sponsor axtarışında” adlı aksiyada həm fransız, həm də ingilis dillərində plakatlar nümayiş etdirilib.
“Bu, kiçik bir dəstək göstərmək üçün bir yoldur, heç kimə dərs vermirik, hər kəs öz imkanına görə hərəkət edir. Amma onlar bizə indi ehtiyac duyurlar”, - deyə Paris hava limanının (Aéroports de Paris-ADP) qrupunun kommunikasiya direktoru Bertran Sirven qeyd edib. ADP tədbiri “Insep Alumni” assosiasiyası ilə birgə təşkil edib və dörd paralimpiya idmançısına dəstək verir.
“Kiçik bir iqtisadi böhran var, tərəfdaş tapmaq daha çətindir və paralimpiyaçılar əvvəllər də idman sahəsində ən az dəstək alanlardır”, - deyə “Insep Alumni” klubunun icraçı prezidenti Marc Davidoviçi bildirib.