Paris Notr-Dam Kilsəsində təmir işləri davam edir
Budapeşt, 17 sentyabr, AZƏRTAC
Avropa Xəbər Agentlikləri Alyansının (EANA) bu həftə işində AZƏRTAC-ın da iştirak etdiyi Baş Assambleyası, tədbirin məqsədilə yanaşı, həm də illik yığıncaqların keçirildiyi şəhərlərin həyatı ilə tanış olmaq üçün yaxşı imkandır. Artıq məlumat verdiyimiz kimi, cari ildə Baş Assambleya sadəcə Parisdə deyil, həm də dünyada məşhur Notr-Dam Kafedralına bir addımlıq məsafədə keçirilib. Fürsətdən istifadə edərək, bütün katoliklərin kult yerində vəziyyətin necə olduğunu öyrənməyə qərar verdik.
2019-cu il aprelin 15-də Parisin Site adasının dünyada məşhur görməli yerində yanğın baş verib. Hazırda burada təmir işləri aparılır. Həmin yanğın nəticəsində ciddi ziyana uğrayan Notr-Dam kilsəsinin rekonstruksiyası əslində tam sürətlə gedir. İşlər cədvələ uyğun aparılır. Kilsənin 2024-cü il dekabrın 8-də təkrar açılmasına on beş ay qalmış tikinti meydançasında irəliləyişin əhəmiyyətli əlamətləri nəzərə çarpır. Dam dayaqlarının və şpilin qurulması üzrə işlər davam etdirilir. İnteryerin son təmizlənməsi üzrə işlər başa çatdırılır, vitrajlar öz yerinə qaytarılır, kilsədəki freskalar bərpa olunur. Şimal zəng qülləsinin səkkiz tunc zəng də təmizlik, əsaslı təmir və qismən bərpa işləri mərhələsindədir. Onlar cəmi on il əvvəl kafedralın 850 illik yubileyi münasibətilə hazırlanıb və quraşdırılıb. Onlardan ikisi istidən zədələnib.
Yanğın, xatırladığımız kimi, səhər saatlarında başlayıb və dərhal damın çatı sisteminə keçib, daha sonra isə orta əsrlərə aid binanın əhəmiyyətli hissələrini əhatə edib.
Fransa paytaxtının tam mərkəzində baş verən dəhşətli yanğın beynəlxalq şoka səbəb olub. Faciənin ertəsi günü Fransa hökuməti qismən dağılmış məbədi beş il ərzində bərpa edəcəyini açıqlayıb. O vaxt az adamın inandığı iddialı vəd görünür gerçəkləşəcək.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt