Parlament komandalararası beynəlxalq turnirdə Türkiyə təmsilçiləri polşalı rəqiblərini məğlub ediblər
Bakı, 9 mart, AZƏRTAC
Martın 9-da Azərbaycan Respublikası Milli Məclisinin 100 illik yubileyinə həsr olunan parlament komandalararası beynəlxalq futbol turnirinin növbəti oyununda Türkiyə və Polşa komandaları qarşılaşıblar.
AZƏRTAC xəbər verir ki, “İnter Arena”da keçirilən oyundan əvvəl hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Oyuna fəal başlayan Türkiyə təmsilçiləri hesabı 20-ci dəqiqədə açıblar. Türkiyə komandasının heyətində Oktay Çanak fərqlənib. Qarşılaşmanın 26-cı dəqiqəsində Abdulla Öztürk hesab arasındakı fərqi iki topa çatdırıb. İlk hissə Türkiyə komandasının 2:0 hesablı üstünlüyü ilə başa çatıb.
İkinci hissədə də üstün oyun nümayiş etdirən qardaş ölkə təmsilçiləri matçın 34-cü dəqiqəsində Kəzim Kırçının qolu ilə rəqibi üçüncü dəfə topu oyuna mərkəzdən başlamağa məcbur ediblər - 3:0. Matçın 44-cü dəqiqəsində polşalı müdafiəçilərin səhvindən yararlanan Türkiyə komandasının təşkil etdikləri hücumu uğurla başa çatdıran Kəzim Kırçı özünün ikinci, komandasının isə üçüncü qolunu rəqib komandanın qapısından keçirib.
Oyunun 49-cu dəqiqəsində isə Polşa komandası vurulan qollardan birinin əvəzini çıxıb. Olszoşka adını tabloya yazdırıb - 4:1. Lakin bu da oyunda sonuncu qol olmayıb. Qarşılaşmanın 55-ci dəqiqəsində Tahir Ağdərə dəqiq zərbə ilə oyunda son nöqtəni qoyub - 5:1. Beləliklə, görüş 5:1 hesabı ilə Türkiyə komandasının xeyrinə başa çatıb.
Xatırladaq ki, ilk oyunda Azərbaycan komandası Latviya təmsilçiləri üzərində 3:0 hesabı ilə qalib gəlib.