PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİNİN UKRAYNAYA VƏ BOLQARISTANA RƏSMİ SƏFƏRİ
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, sentyabrın 23-də Kiyevdə Ukrayna Ali Radasında GUÖAM Parlament Assambleyasının təsis iclası keçiriləcəkdir. İclasda Parlament Assambleyasının yaradılması haqqında Bəyannamənin imzalanma mərasimi olacaqdır.
Sentyabrın 24-də Milli Məclisin sədri Ukrayna Prezidenti Leonid Kuçma, Ali Radanın sədri Vladimir Litvin və baş nazir Viktor Yanukoviç ilə görüşəcək, ölkələrimiz arasında münasibətlərin bu günü, inkişaf perspektivləri, parlament səviyyəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparacaqdır.
Həmin gün nümayəndə heyətimiz Taras Şevçenko adına Kiyev Milli Universitetində olacaqdır. Burada universitetin rəhbərliyi ilə görüş keçiriləcək və parlamentin sədri Murtuz Ələsgərova Kiyev Milli Universitetinin Fəxri doktoru diplomu təqdim ediləcəkdir.
Sentyabrın 25-də parlamentimizin nümayəndə heyəti Kiyev yaxınlığındakı İrpen şəhərinə gedəcək, burada akademik Zərifə Əliyevanın abidəsini ziyarət edəcək, “Zərifə” parkı və akademik Zərifə Əliyeva adına küçə ilə tanış olacaqdır.
Nümayəndə heyətinin üzvləri sentyabrın 26-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi ucaldılan parka gələcək və ulu öndərimizin abidəsi önünə tər çiçəklər qoyacaqlar.
Səfər müddətində nümayəndə heyətinin Azərbaycanın Ukraynadakı səfirliyi ilə tanışlığı və bu ölkədə yaşayan soydaşlarımızla görüşləri də nəzərdə tutulmuşdur.
X X X
Milli Məclisin sədri Murtuz Ələsgərovun başçılıq etdiyi parlament nümayəndə heyəti sentyabrın 27-dən 30-dək Bolqarıstanda rəsmi səfərdə olacaqdır. Burada Milli Məclisin sədri Bolqarıstan Prezidenti Georgi Pırvanov, habelə parlamentin sədri, baş nazir, xarici işlər naziri ilə görüşəcək və hər iki tərəfi maraqlandıran məsələlərlə əlaqədar fikir mübadiləsi aparacaqdır.
Səfər zamanı Bolqarıstanla parlamentlərarası əlaqələrin inkişaf perspektivləri geniş müzakirə olunacaq, nümayəndə heyəti üzvlərinin iştirakı ilə Bolqarıstan-Azərbaycan dostluq qrupunun iclası keçiriləcəkdir.
Parlament nümayəndə heyəti Plovdivə də gedəcək, şəhərin meri ilə görüşəcək, tarixi abidələrlə və muzeylərlə tanış olacaqdır.
Səfər oktyabr ayının 1-də başa çatacaqdır.