PARLAMENTDƏ TƏMSİL OLUNAN SİYASİ PARTİYALARIN ƏMƏKDAŞLIĞININ GENİŞLƏNDİRİLMƏSİ FAYDALIDIR
AZƏRTAC xəbər verir ki, sentyabrın 6-da ölkəmizdə səfərdə olan Macarıstan parlamentinin sədri xanım Katalin Sili və nümayəndə heyətinin üzvləri Milli Məclisdə təmsil olunan siyasi partiyaların liderləri ilə görüşmüşdür.
Azərbaycan Sosial Rifah Partiyasının sədri, Azərbaycan-Macarıstan parlamentlərarası dostluq qrupunun rəhbəri Xanhüseyn Kazımlı Milli Məclisdə təmsil olunan siyasi partiyaları qonaqlara təqdim etmişdir. Sonra Yeni Azərbaycan Partiyası icraçı katibinin müavini Mübariz Qurbanlı Azərbaycanın ictimai-siyasi həyatında siyasi partiyaların rolu barədə məlumat vermişdir.
Xanım Katalin Sili Macarıstan parlamentinin fəaliyyətində və ümumən ölkədə siyasi partiyaların rolundan ətraflı bəhs etmişdir.
Görüşdə Azərbaycan və Macarıstan arasında münasibətlərin inkişaf perspektivlərindən də söhbət getmiş, parlamentlərarası əlaqələrin inkişafı müsbət dəyərləndirilmiş, qanunverici orqanlarda təmsil olunan siyasi partiyaların əməkdaşlığının genişləndirilməsinin faydalı olduğu vurğulanmışdır.
Söhbət zamanı regional münaqişələrə də toxunulmuş, etnik separatizmə qarşı mübarizədə də səylərin artırılmasının vacibliyi bildirilmişdir.
Görüşdə Demokratik İslahatlar, Vətəndaş Həmrəyliyi, Bütöv Azərbaycan Xalq Cəbhəsi və Böyük Quruluş partiyalarının sədrləri də iştirak etmişlər.