Patimat Abakarova Mançesterdə Qran-pri turnirində bürünc medal qazanıb
Bakı, 19 oktyabr, AZƏRTAC
İngiltərənin Mançester şəhərində Dünya Taekvondo Federasiyası tərəfindən təşkil edilən Qran-pri turnirinin üçüncü mərhələsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, 56 ölkədən 227 taekvondoçunun qatıldığı yarışın ilk günündə Azərbaycan yığmasının 3, üçüncü günündə isə 1 idmançısı mübarizə aparıb.
Birinci Avropa Oyunlarının mükafatçısı Patimat Abakarova (49 kq) turnirdə uğurla çıxış edərək bürünc medal qazanıb.
İlk döyüşündə kiprli idmançı Kirlaki Koutouki ilə üz-üzə gələn idmançımız rəqibini 10:3 hesabı ilə məğlub edib. İkinci görüşündə braziliyalı idmançı İris Tang Singi 7:1 hesabı ilə üstələyən taekvondoçumuz dörddəbir final mərhələsinə vəsiqə qazanıb. “Korea Open” turnirinin bürünc mükafatçısı P.Abakarova bu mərhələdə rusiyalı Svetlana İgumenovaya 8:4 hesabı ilə qalib gəlib. Hərbçilərin VI dünya oyunlarının qalibi olan Patimat yarımfinalda güclü rəqibi tailandlı Çanatip Sonkama məğlub olaraq yarışları bürünc medalla tamamlayıb.
Turnirin ilk günündə Avropa Oyunlarının gümüş mükafatçısı Fəridə Əzizova (67 kq) və Oyunların qalibi Ayxan Tağızadə (68) ikinci görüşlərində uduzublar. Dünya çempionumuz Radik İsayev (80 kq) isə yarımfinalın bir addımlığında məğlubiyyətə üzülüb.