Paytaxtda həyətlərə əlavə konteynerlər qoyulub
Bakı, 13 iyun, AZƏRTAC
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən iyunun 14-dən iki gün ərzində Bakı şəhəri də daxil olmaqla 3 şəhər və 5 rayonun ərazisində sərtləşdirilmiş karantin rejiminin tətbiqi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin strukturları, şəhərin kommunal xidmətləri tərəfindən əlavə tədbirlər həyata keçirilir.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, paytaxtda koronavirus pandemiyası ilə mübarizə tədbirlərinin mühüm bir hissəsini yaşayış binaları, giriş blokları, ümumi istifadə yerləri, idman meydançaları, lift kabinələri və digər yerlərin təmizliyinin təmini, həmin yerlərin mütəmadi olaraq dezinfeksiyası təşkil edir. Eyni zamanda, məişət tullantılarının vaxtında daşınması da mühüm əhəmiyyət daşıyır.
Keçən həftə sərt karantin günlərində vətəndaşların üzləşdiyi müəyyən çətinliklərlə bağlı onların müraciətləri nəzərə alınaraq, kommunal xidmətlər tərəfindən paytaxtın bütün rayonlarında məişət tullantılarının atılması üçün konteyner meydançası olmayan çoxmərtəbəli yaşayış binalarının həyətlərinə, blokların çıxışına yaxın yerlərdə konteynerlər qoyulur. Bu da ikigünlük sərt karantin günlərində sakinlərin problemlərinin həllinə kömək olacaq.
Bildirilib ki, dünəndən etibarən bu prosesə başlanılıb. İki gün ərzində meydançalardakı mövcud konteynerlərdən əlavə, daha 1000-dən çox belə konteyner qoyulacaq və bu, müvəqqəti haldır. Sonradan konteynerlər yığışdırılaraq meydançalara qaytarılacaq.
Sərtləşdirilmiş karantin günlərində kommunal xidmətlər gücləndirilmiş iş rejimində çalışacaq, bu konteynerlərin ətrafı da dezinfeksiya ediləcək.