Paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkaları keçiriləcək
Bakı, 23 noyabr, AZƏRTAC
Noyabrın 25-26-da Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, həftəsonu yarmarkasının keçirilməsində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, həmçinin şəhər sakinlərini təbii və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.
Budəfəki yarmarkalarda, ümumilikdə, 40-dan çox regiondan 60 fermer iştirak edəcək. Fermerlər yarmarkada 80-ə yaxın çeşiddə təbii kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında keçiriləcək yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar laboratoriyanın xidmətlərindən faydalana biləcəklər.
Yarmarkada iştirak edəcək fermerlər piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla ödənişsiz şəkildə təmin olunacaqlar. Həmçinin məhsulların daşınmasında çətinlik çəkən fermerlərə logistik dəstək göstərilərək məhsulları təsərrüfatlarından birbaşa yarmarka keçirilən ünvanlara qədər daşınacaq.