Paytaxtın Nərimanov rayonunda sakinlərin qaz təchizatı ilə bağlı müraciətləri dinlənilib
Bakı, 18 iyul, AZƏRTAC
“Azəriqaz” İB-nin növbəti “Açıq mikrofon” aksiyası paytaxtın iyulun 18-də Nərimanov rayonu, Montin qəsəbəsində qurulub.
İB-dən AZƏRTAC-a bildirilib ki, Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev aksiyanın məqsədi barədə sakinlərə məlumat verib. Qeyd edib ki, əsas məqsəd vətəndaşların yanında olmaq, onların təkliflərini dinləmək və müraciətlərini yerində araşdırmaqdır.
Aksiya zamanı sakinlərin qazın təzyiqinin bəzi vaxtlarda aşağı olması, qaz sayğacının yenisi ilə əvəzlənməsi, fərdi qazlaşma və sair ilə bağlı müraciətləri qeydiyyata alınıb. Tədbirin sonunda Birliyin məsul şəxsləri qazın təzyiqinin aşağı olması ilə bağlı müraciət edən sakinin evinə gedərək şikayətini yerindəcə araşdırıblar. Mənzildəki avadanlıqlara texniki qulluq göstərilib.