PAYTAXTIN RAYONLARINDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, avqustun 26-da Bakı şəhərinin 7 rayonunda əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Alıcılara 500 tondan artıq məhsul təklif olunmuşdur.
Nəsimi rayonunda yerləşən “Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara bazar günü də Sabirabad, Hacıqabul, Gədəbəy, Salyan və Tovuz rayonlarından gətirilmiş məhsullar təklif edilmişdir. Burada satışa nəzarət edilir, alıcıların arzu və təklifləri dinlənilir, fermerlərin rəyləri öyrənilirdi. Xüsusi lövhədə isə məhsulların bazarla müqayisəli qiymətləri göstərilmişdi.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkaya Balakən, Samux, Şəki və Lənkəran rayonlarından
müxtəlif çeşidli meyvə-tərəvəz, Qobustan rayonundan isə mal və qoyun əti gətirilmişdi. Burada pomidorun, bibərin, badımcanın, üzümün, mal ətinin alıcıları çoxluq təşkil edirdilər.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkada, işçi qrupunun qərargahından verilən məlumata görə, şənbə və bazar günləri 7,8 ton ət, 41,5 ton meyvə, 65,7 ton bostan məhsulları, 30 min ədəd yumurta, 2 ton konserv və s. satılmışdır. Bazar günü kürdəmirli fermerlərin təklif etdiyi üzümün alıcıları daha çox olmuşdur.
Nərimanov rayonundakı Keşlə Ticarət Mərkəzində təşkil olunmuş yarmarkada bazar günü də Xaçmazdan gətirilmiş məhsullar üstünlük təşkil etmişdir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun keçirilən belə tədbirlər əhalinin sosial rifahını yaxşılaşdırmaq məqsədi daşımaqla yanaşı, bazarda qiymətlərin süni surətdə qaldırılmasının da qarşısını alır.