Paytaxtın Təbriz küçəsində asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb VİDEO
Bakı, 14 mart, AZƏRTAC
Paytaxtın Nəsimi və Nərimanov rayonları ərazisindəki Təbriz küçəsində asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, küçənin Əliyar Əliyev küçəsi ilə kəsişməsindən Ağa Nemətulla küçəsi ilə kəsişməsinədək olan hissəsində aparılan asfaltlanma işləri tamamlanmaq üzrədir. Yaxın günlərdə bu hissə yeni görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
Küçənin Ağa Nemətulla və Əhməd Rəcəbli küçələri arasında yerləşən hissəsində isə hərəkətin normal təşkili üçün yeni yol ayrıcları inşa edilir, kənarlarına səki daşları düzülür. Yaxın günlərdə sözügedən hissənin də asfaltlanması işlərinə başlanılacaq.
Qeyd olunub ki, Təbriz küçəsinin uzunluğu 3,5 kilometr, hərəkət hissəsinin eni isə ortalama 16 metr təşkil edir. İki gediş və 2 gəliş olmaqla 4 hərəkət zolaqlı küçə 1 metr enində ayırıcı zolaqla bölünür.
Küçənin əsaslı şəkildə yenidən qurulması işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Belə ki, istismar müddəti bitmiş su və qaz xətləri yenidən çəkilir, zəruri olan yerlərdə yolun hərəkət hissəsindən kənara çıxarılır. Birgə aparılan işlər gələcəkdə yolun tez bir zamanda sıradan çıxmasının qarşısını almış olacaq.
Aparılan yenidənqurma işləri çərçivəsində 35 min kvadratmetrdən çox sahədə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılır, kipləşdirmə işləri aparılır, yolayrıcı və piyada səkiləri bərpa edilir, kənarlarında köhnə səki daşları sökülərək yeniləri ilə əvəz olunur.
Ümumilikdə isə, 10 min poqonmetr yeni səki daşının düzülməsi nəzərdə tutulub.
Təmir-tikinti layihəsi nəticəsində küçə boyu mövcud köhnə yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınacaq, zəruri yerlərdə yeni sistem qurulacaq, yeni yağış barmaqlıqları və kommunikasiya xətlərinin baxış qapaqları qoyulacaq. Sutkanın qaranlıq saatlarında küçənin normal işıqlandırılmasını təmin etmək məqsədilə işıqlandırma sistemi yenilənəcək, 8 yerdə avtobus dayanacaqlarının önündə xüsusi “cib”li hissələr yaradılacaq.
Küçə boyu texnoloji ardıcıllığa uyğun olaraq 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəndən sonra, avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yeni yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq.