Paytaxtın üç rayonunda su hövzələrində təhlükəsizliyin təmin edilməsi məsələləri nəzərdən keçirilib
Bakı, 26 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin təşkilatçılığı və Bakı Regional Mərkəzinin iştirakı ilə Bakı şəhərinin Səbail, Suraxanı və Binəqədi rayonlarında “Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirələr keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müşavirələrdə rayon icra hakimiyyətləri və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, bələdiyyələrin, polis və təhsil şöbələrinin, təcili tibbi yardım bölmələrinin, yerli gigiyena və epidemiologiya mərkəzlərinin və digər aidiyyəti qurumların məsul şəxsləri iştirak ediblər.
Tədbirlərdə həmin rayonların ərazisindəki su hövzələrində keçirilən monitorinqlərin nəticələri barədə məlumat verilib, aşkarlanan nöqsanlar fotoslaydlarla nümayiş edilərək onların aradan qaldırılması yolları geniş müzakirə olunub.
Müşavirələrdə çıxış edənlər, həmçinin yay mövsümündə çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları, maarifləndirmə işinin vəziyyəti, ölkə ərazisindəki su hövzələrində həyata keçirilmiş aidiyyəti təhlükəsizlik tədbirləri ilə bağlı məlumat veriblər.