Pekində Dünya Gənclərin İnkişaf Forumu keçirilir VİDEO
Pekin, 31 oktyabr, AZƏRTAC
Çin paytaxtında Dünya Gənclərin İnkişaf Forumu keçirilir.
AZƏRTAC xəbər verir ki, forumun əsas məqsədi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində gənclərin rolunu təşviq etməkdir. Açılış mərasimində çıxış edən Çinin Beynəlxalq Əməkdaşlığın İnkişafı Agentliyinin sədr müavini Den Boçin, UNESCO baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos, BMT-nin Əhali Fondunun Asiya-Sakit Okean regionu üzrə direktoru Aleksandar Saşa Bodiroza, UNICEF-in “Generation Unlimited” proqramının direktoru Urmila Sarkar və BMT-nin İnkişaf Proqramının ÇXR-dəki təmsilçisi Beate Trankmann beynəlxalq problemlərin həllində gənclərin roluna diqqət çəkiblər.
Tədbirdə Qlobal Gənclərin İnkişaf Fəaliyyətlər adlı proqramın qalibi olan layihələrin təqdimatı olub. Gənclərlə iş sahəsində yerli, regional və beynəlxalq problem və layihələrin müzakirə edildiyi paneldə Azərbaycan, Rusiya, Çin, Qazaxıstan, Polşa, Sinqapur, Braziliya, İndoneziya və Cənubi Afrika Respublikasını təmsil edən gənc liderlər çıxış ediblər.
“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri Aytən Əliyeva panel iclasda çıxışı zamanı “Bir kəmər, bir yol” təşəbbüsünün İpək Yolu üzərindəki ölkələrin gəncləri və gənclər təşkilatları üçün yaratdığı əməkdaşlıq imkanları, gənclərin beynəlxalq təcrübə və ideya mübadiləsində rolu, innovasiyaya əsaslanan inkişafın yolları haqqında danışıb, Azərbaycanın yeni İpək yolundakı strateji əhəmiyyətindən danışıb.
A.Əliyeva “China Daily” qəzetinə və Sinxua xəbər agentliyinə müsahibəsində Azərbaycanda gənclər siyasəti, gənclər proqramları, Çin-Azərbaycan təhsil əməkdaşlığının önəmi, yaşıl enerji və davamlı inkişaf üzrə Azərbaycanın həyata keçirdiyi proqram və layihələr, “Avropa İttifaqı-Çin nəqliyyat əlaqələndirməsi və Cənubi Qafqaz regionunun rolu” adlı doktorluq layihəsi haqqında məlumat verib.
Forumun gedişində Gənclərin Birgə Fəaliyyət üzrə Pekin Bəyannaməsi qəbul olunub, Dünya Gənclərin İnkişaf Forumu beynəlxalq təşkilatının və Dünya Gənclərin İnkişaf Fondunun əsası qoyulub, təşkilatın idarə heyəti elan olunub. A.Əliyeva təşkilatın idarə heyətində üzv olaraq iştirak edir.
Forum çərçivəsində gəncyönümlü şəhər inkişafı, rəqəmsal inkişaf, mədəni innovasiyalar, iqlim dəyişikliyi və qida böhranı mövzuları üzrə tematik iclaslar keçiriləcək.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin