Penitensiar Xidmət Rusiya Ədliyyə Nazirliyinin akademiyasında təhsil almaq istəyənlər üçün elan verib
Bakı, 20 aprel, AZƏRTAC
Rusiya Federasiyasının Ryazan şəhərindəki Ədliyyə Nazirliyinin Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəçilik Akademiyası ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında Xidmət üçün ixtisaslı kadrlar hazırlanması məqsədilə müqavilə bağlanıb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, akademiyaya qəbul olmaq istəyən namizədlər rus dili bilən, çağırışçı kimi qeydiyyatda olan və ya hərbi mükəlləfiyyətli (qadınlar istisna olmaqla), tam orta təhsilli və ya buraxılış sinfində oxuyan, qəbul edildiyi ildə 25 yaşı tamam olmayan Azərbaycan Respublikası vətəndaşları sırasından seçilir.
Həmin şəxslər cari ilin iyununda Penitensiar Xidmətdə keçiriləcək müsahibədən keçdiyi təqdirdə, avqustda “Hüquq mühafizə fəaliyyəti” ixtisası üzrə imtahanlarda iştirak etmək üçün Akademiyaya göndəriləcəklər.
İmtahanlardan uğurlu nəticə göstərən namizədlər beş il müddətində dövlət hesabına təhsil alır, yataqxana, normaya uyğun olaraq gündə üç dəfə yemək, xidməti geyim forması və təqaüdlə təmin olunacaqlar.
Təhsilini başa vuran məzunlar “ədliyyə leytenantı” xüsusi rütbəsində Penitensiar Xidmətdə müvafiq vəzifələrə təyin ediləcəklər.
Akademiyada təhsil almaq arzusunda olanlar 2020-ci il mayın 18-dək Penitensiar Xidmətin kadrlar idarəsinə ərizə ilə müraciət edə bilərlər.
Qəbul qaydaları və tələb olunan sənədlərin siyahısı haqqında ətraflı məlumat əldə etmək istəyənlər iş günləri saat 09:30-dan 17:30-dək bu telefon nömrələri ilə əlaqə saxlaya bilərlər: (012) 493-44-89; (077) 235-00-56; (077) 235-09-99.