Peru Prezidenti Fransisko Saqasti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib
Bakı, 18 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının iqamətgahı Mexiko şəhərində olmaqla Peru Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Talıbov etimadnaməsini bu ölkənin Prezidenti Fransisko Saqastiyə təqdim edib.
AZƏRTAC xəbər verir ki, videokonfrans formatında keçirilmiş mərasimdə M.Talıbov ilk olaraq, Prezident Fransisko Saqastiyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını çatdırıb. Təşəkkürünü bildirən Peru Prezidenti onun da dərin ehtiramını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.
Prezident F.Saqasti rəhbərlik etdiyi hökumətin Peru ilə Azərbaycan arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsində maraqlı olduğunu bildirib və bu istiqamətdəki gələcək fəaliyyətində səfir M.Talıbova uğurlar arzulayıb.
Mərasimdə Peru xarici əlaqələr naziri Allan Vaqner Tison də iştirak edib.