PEŞƏKAR BOKSÇU AZAD ƏZİZOV “İBO İNTERNATİONAL” VERSİYASI ÜZRƏ DÜNYA ÇEMPİONU OLMUŞDUR
Bakı, 3 okyabr (AZƏRTAC). Azərbaycanlı peşəkar boksçu Azad Əzizov oktyabrın 3-də Bakıda İBO versiyası üzə 63,5 kiloqram çəki dərəcəsində dünya kəməri uğrunda tanzaniyalı Çarlz Damas ilə keçirilən görüşdə qalib gəlmişdir.
Qızıl kəmərin sahibi 12 raunddan ibarət gərgin döyüşdən sonra məlum olmuşdur. Döyüşün nəticəsini hesablayan hər üç hakimin yekdil qərarı isə 115:113, 120:108 və 115:113 hesabı ilə Azad Əzizovun xeyrinə olmuşdur.
Qeyd edək ki, tanzaniyalı idmançı gənclər arasında İBO versiyası üzrə dünya çempionudur.
Peşəkar boks gecəsi çərçivəsində 4 raunddan ibarət reytinq döyüşləri də keçirilmişdir.
Yarışın açılış mərasimində Gənclər və İdman Nazirliyinin şöbə müdiri Mirkamil Rəhimov və Azərbaycan Peşəkar Boks Federasiyasının prezidenti Zahid Əliyev çıxış edərək, ölkəmizdə idmanın inkişafından danışmışlar. Vurğulanmışdır ki, artıq üçüncü dəfədir ki, Bakıda peşəkar boks yarışı keçirilir.
Reytinq döyüşlərində 69 kiloqram çəki dərəcəsində Əli Məmmədov (Azərbaycan) İrakli Nodiaya (Gürcüstan), Vüsal Əliyev (Azərbaycan) David Tlaşadzeyə (Gürcüstan), Fərid Məhərrəmov (Azərbaycan) isə İlia Çkadvaya (Gürcüstan) qalib gəlmişlər. Qeyd edək ki, gecədə iştirak edən bütün azərbaycanlı boksçular Almaniyanın Maqderburq şəhərində yerləşən LBN peşəkar boks klubunun üzvləridir.
Yarış Azərbaycan Gənclər və İdman Nazirliyinin, Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi və Azərbaycan Peşəkar Boks Federasiyasının təşkilatçılığı ilə keçirilmişdir.
######
![]() |
![]() |

