Peşəkar mühasib sertifikatının verilməsi üçün keçiriləcək imtahanlarda iştirak edəcək namizədlərin nəzərinə
Bakı, 2 fevral, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatının verilməsi üçün keçiriləcək imtahana hazırlaşan şəxslərə elmi-metodik kömək məqsədilə imtahanda istifadə olunacaq test tapşırıqlarına aid nümunələr təqdim edir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, sertifikatlaşdırma ikimərhələli imtahan vasitəsilə həyata keçiriləcək və imtahanlarda qapalı tipli və açıq tipli test tapşırıqlarından istifadə olunacaq.
Birinci mərhələ (mühasibat uçotu) üzrə 40 test tapşırığının 30-u qapalı, 10-u açıq tipli tapşırıqlar olacaq. Qapalı tipli test tapşırıqlarının 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarının 8-i 5 balla, 2-si 10 balla qiymətləndiriləcək.
İkinci mərhələ (qanunvericilik) üzrə 40 test tapşırığının 35-i qapalı, 5-i açıq tipli tapşırıqlar olacaq. Qapalı tipli test tapşırıqlarının 20-si 1 balla, 15-i 2 balla, açıq tipli test tapşırığının hər biri 10 balla qiymətləndiriləcək.
DİM tərəfindən imtahan keçiriləcək sahənin yeni istiqamət olduğu və spesifikliyi nəzərə alınaraq imtahana hazırlaşan şəxslərə elmi-metodik kömək məqsədilə hər bir mərhələ üzrə imtahanda istifadə olunacaq 1, 2, 5 və 10 balla qiymətləndirilən test tapşırıqlarına aid nümunələr təqdim edilir. Nümunələrlə DİM-in saytında tanış olmaq mümkündür.
Xatırladaq ki, “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarına əsasən peşəkar mühasib sertifikatının (PMS) verilməsi prosesinin təşkili və imtahanların keçirilməsi Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir.