“Politico”: Brüssel Macarıstanın veto hüququndan yan keçməyin yolunu axtarır
Bakı, 15 aprel, AZƏRTAC
Avropa İttifaqının bəzi ölkələri Macarıstanın veto hüququndan yan keçərək Rusiyaya qarşı sanksiyaların tətbiqi mexanizmini hazırlayır.
AZƏRTAC xəbər verir ki, “Politico” nəşri bu barədə Avropanın diplomatik dairələrindəki mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, azı altı ölkə milli qanunvericilik sahəsinə dəyişikliklər olunmasını müzakirə edir. Onların fikrincə, bu, Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi məsələsində ümum-Avropa konsensusuna ehtiyacı aradan qaldıracaq.
Nəşrin mənbələrindən biri Brüsseldə Macarıstanın veto hüququndan yan keçmək üçün “hüquqi iş” aparıldığını təsdiqləyib. Onun sözlərinə görə, Aİ-də belə bir mexanizmin işləmə prinsipləri ilə bağlı müxtəlif fikirlər var. Ukraynanın Avropa İttifaqındakı müttəfiqləri ABŞ Prezidenti Donald Trampın Rusiya ilə münasibətləri normallaşdırmaq səyləri fonunda Birləşmiş Ştatlarla “vahid cəbhəyə zərbə vura biləcək” hər hansı addım atmaqdan çəkinirlər.
Bir müddət öncə, “Le Monde” qəzeti iyulun 31-də baş tutacaq səsvermə zamanı Avropa İttifaqı ölkələrinin Rusiyaya qarşı tətbiq edilən 16 sanksiya paketini qüvvədə saxlamağın yollarını nəzərdən keçirəcəyini yazıb.
Qeyd edək ki, Macarıstan hakimiyyəti Moskvanın siyasətində dəyişikliyə gətirib çıxarmadığı və yalnız Avropanın özünün iqtisadiyyatına zərər vurduğu üçün Brüsselin Rusiyaya qarşı sanksiya siyasəti ilə razılaşmadığını dəfələrlə bəyan edib. Budapeşt, həmçinin neft və qaz tədarükü sahəsi daxil olmaqla, Rusiyaya qarşı bir sıra sanksiyalardan özü üçün güzəştlər təmin edib.