SİYASƏT
Politoloq: ABŞ bu gün də Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir
![Politoloq: ABŞ bu gün də Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir](/files/2022/2/1200x630/16543296011261413537_1200x630.jpg)
Bakı, 4 iyun, AZƏRTAC
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Cozef Baydenin qısa müddət ərzində ikinci dəfə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubları ünvanlaması rəsmi Vaşinqtonun ölkəmizlə strateji tərəfdaşlığının hazırkı səviyyəsindən məmnunluğunu ortaya qoyur. Məktubda əks etdirilən məqamlar onu göstərir ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi strateji diplomatiya Ağ Ev tərəfindən təqdir olunur. Bu məktublar həm də hazırkı qlobal geosiyasi kataklizmlər fonunda Azərbaycanın müstəqil aktor kimi hərəkət etməsinə verilən yüksək dəyər kimi səciyyələndirilməlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Ceyhun Əhmədli söyləyib.
Politoloq qeyd edib ki, ABŞ Azərbaycanın müstəqilliyinin ilk illərindən etibarən ölkəmizə böyük siyasi dəstək göstərib. Belə ki, ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən addımları nəticəsində reallaşdırılan neft strategiyamıza ən güclü beynəlxalq dəstəyi Amerika Birləşmiş Ştatları verib. Azərbaycan nefti və təbii qazının dünya bazarına çıxarılmasına müstəsna dəstək nümayiş etdirən ABŞ bununla ölkəmizin strateji tərəfdaşı olduğunu sübut etdi. Çox sevindirici haldır ki, ABŞ bu gün də Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir. Prezident Cozef Baydenin sözügedən məktubları ona dəlalət edir ki, rəsmi Vaşinqton Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərini daha da dərinləşdirməkdə maraqlıdır.
“Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində açar ölkələrdən birinə çevrilib. Hazırda davam etməkdə olan Rusiya-Ukrayna müharibəsinin Avropada enerji böhranını daha da dərinləşdirəcəyini nəzərə alsaq, Azərbaycanın artan strateji əhəmiyyətini daha aydın görə bilərik. Avropanın Rusiyadan enerji asılılığını minimuma endirməyi hədəfləyən ABŞ burada enerji mənbələrinin şaxələndirilməsi üçün bütün imkanlarını səfərbər edib. Bu xüsusda Azərbaycanın təşəbbüsü ilə reallaşan Cənub Qaz Dəhlizi layihəsinin ABŞ tərəfindən tam və birmənalı şəkildə dəstəklənməsi tarixi zərurətdən irəli gəlir. Bir sözlə, Avropa tarixin heç bir dönəmində olmadığı qədər enerji təhlükəsizliyində təhdidlərlə üz-üzə qalıb. Hazırda Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan böyük enerji layihələri qlobal təhlükəsizlik üçün müstəsna əhəmiyyət kəsb edir. Bu amil ABŞ-Azərbaycan tərəfdaşlığının daha da möhkəmlənməsi üçün böyük perspektivlər yaradır”, - deyə C.Əhmədli vurğulayıb.
Politoloq əlavə edib ki, ABŞ-Azərbaycan münasibətləri təkcə enerji sektorundakı əməkdaşlıqla məhdudlaşmır. ABŞ Prezidenti Cozef Baydenin məktublarında Azərbaycanın beynəlxalq münasibətlərdə sabitləşdirici amil kimi çıxış etməsinə vurğu edən başqa məqamlar da yer alıb. Ölkəmizin beynəlxalq terrorizmə qarşı səmərəli fəaliyyəti və Ukraynaya humanitar yardımlarının Amerika Birləşmiş Ştatları tərəfindən alqışlanması bunun real nümunələridir.