Polşanın ilk və yeganə təyyarəçi-kosmonavtı Bakıya gəlmişdir
Bakı, 2 iyun (AZƏRTAC). Polşanın ilk və yeganə təyyarəçi-kosmonavtı Miroslav Hermaşevski ölkəmizə gəlmişdir.
Polşalı qonaq iyunun 2-də Heydər Əliyev İrsini Araşdırma Mərkəzində olmuşdur.
AZƏRTAC xəbər verir ki, görüşdə Mərkəzin baş direktoru Fuad Babayev qonağa rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı ətraflı məlumat vermişdir.
Bildirmişdir ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsərlərini 50 dildə, o cümlədən polyak dilində dünya oxucularına çatdırır. Miroslav Hermaşevskinin “Çəkisizliyin yükü” kitabı da Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin (www.aliyevheritage.org) tərcümə laboratoriyasında polyak dilindən Azərbaycan dilinə tərcümə olunmuşdur. Kitabın tərcüməçiləri Sonya Piriyeva, Vüsalə Mustafayeva və Yelana Karetina, məsul redaktoru Fuad Babayevdir.
Polşalı kosmonavtla Bakı Slavyan Universitetində (BSU) keçirilən görüşdə isə rektor, filologiya elmləri doktoru, professor Asif Hacıyev rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında məlumat vermişdir. Bildirilmişdir ki, BSU-da bir çox slavyan dilləri, o cümlədən də polyak dili tədris olunur.
Qonağı polyak dilində salamlayan tələbələr kosmonavta həyat yolu, kosmosa uçuşu ilə bağlı suallar vermişlər.
Miroslav Hermaşevski universitetdə polyak dili mərkəzinin fəaliyyətindən məmnunluğunu ifadə etmişdir.
BSU-da, həmçinin Miroslav Hermaşevskinin “Çəkisizliyin yükü” kitabının Azərbaycan dilində təqdimatı keçirilmişdir.
Kosmonavtın ömür yoluna həsr edilmiş filmin nümayişindən sonra çıxış edən Miroslav Hermaşevski Bakıya səfərindən məmnun olduğunu demiş, şəhərin gözəlliyini və sürətli inkişafını xüsusilə vurğulamışdır.
Sonda görüş iştirakçılarının suallarını cavablandıran Miroslav Hermaşevski kitablarını imzası ilə oxuculara bağışlamışdır.