DÜNYA
Pompidu Mərkəzi sürrealizmin 100 illiyi şərəfinə “Sürrealizm” adlı sərgisini təqdim edir
Bakı, 17 sentyabr, AZƏRTAC
2025-ci ildə beş il müddətinə təmirə bağlanmazdan əvvəl Parisdəki Pompidu Mərkəzi dünyanın hər yerindən dövlət və şəxsi kolleksiyalardan sürrealistlərin 500-ə yaxın əsərini toplayıb.
AZƏRTAC məşhur Müasir İncəsənət Muzeyinin rəsmi saytına istinadla xəbər verir ki, yüzillik münasibətilə Pompidu Mərkəzinin və Belçika Kral Təsviri İncəsənət Muzeylərinin kuratorları sürrealistlərin əsərlərindən ibarət geniş retrospektiv hazırlayıblar. Mərkəzin qeyd etdiyi kimi, labirint şəklində tərtib edilmiş “Sürrealizm” adlı sərgi 1924-cü ildə Andre Bretonun əsas manifestinin nəşri ilə yaranan sürrealizm hərəkatının qeyri-adi yaradıcı çiçəklənməsində misli görünməmiş bir tədbirdir.
Rəssamlıq, qrafika, kino, fotoqrafiya və ədəbi sənədləri birləşdirən sərgidə hərəkatın məşhur rəssamlarının (Salvador Dali, Rene Maqritt, Corcio de Kiriko, Maks Ernst, Joan Miro), eləcə də qadın sürrealistlərin (Leonora Karrinqton, İtell Kolkhun, Dora Maar) əsərləri nümayiş olunur. Üstəlik, təşkilatçılar qadın rəssamların sürrealizmin inkişafına töhfələrini vurğulamaq istəyiblər.
Sərgi həm xronoloji, həm də tematik qaydada təşkil olunub və hərəkatı ilhamlandıran ədəbi personajlara (Lotreamon, Lyuis Kerroll, Sad və s.) və onun obrazlığının əsasında duran poetik prinsiplərə (rəssam medium kimi, yuxular, fəlsəfə daşı, meşə və s.) həsr olunmuş 14 bölümdən ibarətdir.
Pompidu Mərkəzində açılan yubiley sərgisi yanvarın 13-dək davam edəcək, sonra isə sürrealist sənət blokbasteri İspaniya, Almaniya və ABŞ-da qastrol səfərinə çıxacaq.