PRAQADA “AZƏRBAYCANIN BÖYÜK POTENSİALI” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLMİŞDİR
Praqa, 12 mart (AZƏRTAC). Martın 4-də Praqanın “TOP Hotel” mehmanxanasında Azərbaycanın Çexiyadakı səfirliyinin təşəbbüsü, “Vşudibil” jurnalının, “TOP Hotel” mehmanxanasının, “Arabella Fashion” və “KMB partners” şirkətlərinin dəstəyi ilə “Azərbaycanın böyük potensialı” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycanın mədəniyyətindən, tarixindən, iqtisadi göstəricilərindən, investisiya, turizm imkanlarından bəhs edən videoçarx nümayiş etdirilmiş, iştirakçılara materiallar paylanmışdır.
Səfir Tahir Tağızadə Azərbaycanın hazırda Şərqlə-Qərb arasında körpü rolu oynadığını bildirmiş, tədbir iştirakçılarına ölkəmizin iqtisadi göstəriciləri barədə ətraflı məlumat vermiş, çex iş adamlarını respublikamızla əməkdaşlığa dəvət etmişdir.
Tədbirdə, ümumiyyətlə, 150-yə yaxın iş adamı, ictimai və siyasi xadim iştirak etmişdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa