Prezident İlham Əliyev - xalqın inandığı Müzəffər Ali Baş Komandan
Bakı, 11 aprel, AZƏRTAC
Bu gün istər beynəlxalq aləmdə Azərbaycanın dəyişən statusu, istərsə də ölkəmizin ərazi bütövlüyünə qovuşması şübhəsiz ki, xalqın gələcəyinə və şəxsiyyətinə inandığı İlham Əliyevə prezident seçkilərində göstərdiyi yüksək etimadın nəticəsidir. 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri də xalqımızın Prezident İlham Əliyevə yüksək etimadının növbəti göstəricisi oldu. Yeni Azərbaycan Partiyasının namizədi, partiyanın Sədri İlham Əliyev şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə seçicilərinin mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov söyləyib.
O bildirib ki, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003-cü ildən bu günə qədər keçən müddət dövlətimiz və xalqımız, hətta bütün dünya azərbaycanlıları üçün əlamətdar hadisələrlə zəngin olub. Xalqa verdiyi sözə sona qədər sadiq qalan Prezident İlham Əliyev ötən dövr ərzində xalqın etimadını ən yüksək səviyyədə doğruldub və xalqın qarşısında söylədiyi bütün sözləri reallığa çevirib. Bunlar, heç şübhəsiz, yüksək intellektual bacarıq və yenilməz iradəyə əsaslanan nəticələrdir.
Ötən dövr ərzində ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi yaxşılaşıb. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetlərinə çevrilib.
Bu illər ərzində qazanılan böyük uğurların zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılıb. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrilib.
Bu gün dünyanın ən güclü orduları sırasında yer alan Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı 44 gün ərzində işğaldan azad edib. Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın fəthi tariximizə Zəfər Günü kimi yazılıb.
YAP Kəlbəcər rayon təşkilatının sədri deyib ki, Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə həm də Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə həyatın bütün sahələrində əldə olunmuş uğurlarla, dinamik inkişafla bilavasitə bağlıdır. İlk növbədə, güclü və qüdrətli dövlət yaratmaq lazım gəlirdi və Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb.
Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb.
Siyasi, iqtisadi imkanlarının genişləndirilməsi Azərbaycanın beynəlxalq arenadakı mövqelərini möhkəmləndirib. Bu gün regionda həyata keçirilən bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.
Ötən dövr Azərbaycanda bütün sahələrin inkişaf etməsi ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşayiət olunub. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb.
Bu gün Azərbaycan dünyanı həm də azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işləri ilə heyrətləndirir. Bu ərazilərdə yeni yollar çəkilir, elektrik stansiyaları tikilir, Prezident İlham Əliyev azad edilmiş rayonlara çoxsaylı səfərləri zamanı strateji infrastruktur obyektlərinin açılışını edir, yenilərinin təməlini qoyur. Prezidentimiz deyir ki, Qarabağ tezliklə cənnətə çevriləcək, keçmiş məcburi köçkünlər maksimum qısa müddətdə doğma yurdlarına qayıdacaqlar.
“Dövlətimizin başçısı həmişə böyük fəxrlə deyir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Biz Azərbaycan xalqının və bütün dünya azərbaycanlılarının Prezident İlham Əliyevə necə yüksək inam bəslədiyinin əyani şahidləriyik. İnanırıq ki, uğurlu siyasət və davamlı inkişaf şəraitində bu inam daha da möhkəmlənəcək. Çünki xalqımızın etimadının nəticəsi bugünkü Azərbaycanı doğurub”, - deyə Həbib Misirov qeyd edib.