PREZİDENT İLHAM ƏLİYEV “AZƏRKABEL” SƏHMDAR CƏMİYYƏTİNDƏ OLMUŞDUR
Cəmiyyətin sədri Ağabəy Hüseynov respublikamızın rəhbərinə məlumat verdi ki, ümummilli liderimiz Heydər Əliyev 1981-ci ildə müəssisədə olarkən bu sexin yaradılması barədə şəxsən tapşırıq vermiş, qısa müddətdə burada müxtəlif ölçüdə elektrik naqilləri və kabellərinin buraxılması üçün lazımi avadanlığın alınıb gətirilməsini və işə salınmasını öz nəzarətinə götürmüşdü.
Dahi şəxsiyyətin vaxtilə dediyi “Azərkabel” Azərbaycanı neft lampalarından xilas etdi” müdrik kəlamı indi müəssisənin ən gözəgəlimli guşəsində həkk olunmuşdur.
Bildirildi ki, ötən ildən özəlləşdirilən bu müəssisəyə indiyədək 360 milyon manat vəsait qoyularaq, bütün texniki avadanlıq əsaslı təmir edilmiş, yenidən qurulmuşdur. İlin sonuna kimi 2,5 milyon ABŞ dolları həcmində yeni avadanlıq alınıb gətiriləcəkdir. Bu isə istehsal prosesini xeyli artırmağa imkan yaradacaqdır. Cari ilin əvvəlindən bəri burada işləyənlərin sayı 180 nəfərə çatdırılmış, yerli büdcəyə 180 milyon manat, Sosial Müdafiə Fonduna 31,5 milyon manat vəsait köçürülmüşdür. İlin sonuna kimi işçilərin sayı, azı, iki dəfə artacaqdır.
Prezident İlham Əliyev müəssisənin həyətinə toplaşan işçilərlə səmimi söhbət etdi, bu strateji əhəmiyyətli zavodun məhsullarına ölkəmizdə çox böyük tələbat olduğunu xüsusi vurğuladı və tövsiyələrini verdi.