Prezident İlham Əliyev Gürcüstanda yaşayan soydaşlara daim diqqət və qayğı göstərir
Tbilisi, 17 mart, AZƏRTAC
Prezident İlham Əliyev daim bizə, Gürcüstanda yaşayan soydaşlara diqqət və qayğı göstərir. Azərbaycan Prezidentinin gürcüstanlı iş adamı Vaqif Məmişovu “Dostluq” ordeni ilə təltif etməsi bizim hamımızın əməyinə verilən yüksək qiymətdir. Biz bu qayğıya və qiymətə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarıq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinin rəhbəri, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva söyləyib. O deyib: “Prezident İlham Əliyevin gürcüstanlı iş adamı Vaqif Məmişovun “Dostluq” ordeni ilə təltif olunması haqqında Sərəncamı bizdə böyük sevinc və fərəh hissi yaratdı. Gürcüstanda yaşayan soydaşlarımız Azərbaycanın müxtəlif orden və medalları, fəxri adları ilə mükafatlandırılıblar. Mən də onlardan biriyəm. Əməyimizə verilən belə yüksək qiymət bizdə daha böyük məsuliyyət hissi yaradır. Biz çalışacağıq ki, Azərbaycan Prezidentinin etimadını bundan sonra da layiqincə doğruldaq”.
Müsahibimiz qeyd edib ki, Prezident İlham Əliyevin soydaşlarımızı təltif etməsi, eləcə də Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə Gürcüstanda çoxlu sayda təhsil, mədəni və idman komplekslərinin tikintisi və təmiri həm də Azərbaycan-Gürcüstan dostluğunun möhkəmlənməsinə xidmət edir. Bunu təkcə azərbaycanlılar deyil, gürcü və digər millətlərin də nümayəndələri yüksək qiymətləndirirlər.
“Prezident İlham Əliyevin soydaşlarımıza göstərdiyi diqqət və qayğı Azərbaycanın bölgədə sabitliyin, sülhün və təhlükəsizliyin qarantı olduğunu göstərir. Biz bütün bunlara görə, Azərbaycan dövlətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarıq” - deyə, L.Əliyeva vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi