PREZİDENT İLHAM ƏLİYEVİN SƏDRLİYİ İLƏ MİNGƏÇEVİR ŞƏHƏR İCRA HAKİMİYYƏTİNDƏ MÜŞAVİRƏ
Dövlətimizin başçısı müşavirədə giriş nitqi söylədi.
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN
GİRİŞ NİTQİ
-Hörmətli müşavirə iştirakçıları!
Bu gün artıq bir neçə saatdır ki, mən Mingəçevirdəyəm. Burada müxtəlif tədbirlərdə iştirak etdik, ölkəmizdə ən çətin vəziyyətdə yaşayan qaçqın və köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün tikilmiş yeni qəsəbənin açılış mərasimində iştirak etdik. Mingəçevirdə fəaliyyət göstərən özəl müəssisələrdə olduq, eyni zamanda, avarçəkmə bazasında və digər yerlərdə görüşlər keçirdik. Çox sevindirici haldır ki, Mingəçevir inkişaf edir, yaşayır, burada özəl sektor möhkəmlənir, yeni iş yerləri açılır. Ölkəmizin enerji təhlükəsizliyini təmin edən, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulmuş Azərbaycan DRES-i də uğurla fəaliyyət göstərir. Biz orada mövcud vəziyyətlə tanış olduq və qeyd etdik ki, bu stansiyada da yenidənqurma, təmir işləri görülməlidir. Burada istehsal olunan elektrik enerjisinin həcmi daha da artmalıdır.
Azərbaycanın hər bir bölgəsi inkişaf edir. Rayon və şəhərlərimizdə canlanma var. Xalqımız bizim apardığımız siyasəti dəstəkləyir və ötən il keçirilmiş prezident seçkiləri bunu bir daha sübut etdi. Seçkilərdən sonra müəyyən addımlar atılmış, regional inkişaf proqramı qəbul edilmişdir. Bu proqram çərçivəsində bütün bölgələrdə böyük işlər görülür. Ölkəmiz çox uğurla inkişaf edir, iqtisadi potensialımız durmadan yüksəlir. Əlbəttə, yaxın gələcəkdə iqtisadiyyatımız daha da güclənəcək və ölkəmiz daha zəngin olacaqdır. Bütün bunlar bizi çox sevindirir.
Bu gün isə biz Mingəçevirdəyik və əlbəttə ki, buradakı vəziyyətlə yaxından tanış olduq. Amma daha dolğun məlumat əldə etmək üçün sizinlə bu müşavirəni keçirmək qərarına gəldim. İlk növbədə, Mingəçevir Şəhəri İcra Hakimiyyətinin başçısı Məhəbbət Qarabağlını dinləməliyik.
MÜŞAVİRƏDƏ MİNGƏÇEVİR ŞƏHƏRİ İCRA HAKİMİYYƏTİNİN
BAŞÇISI MƏHƏBBƏT QARABAĞLININ ÇIXIŞI
-Möhtərəm cənab Prezident!
İcazə verin, ölkəmiz üçün müstəsna əhəmiyyət kəsb edən taleyüklü məsələlərin həllinə yönəlmiş çoxşaxəli fəaliyyətinizdə vaxt tapıb Mingəçevir şəhərinə səfər etdiyinizə görə, Sizə bütün mingəçevirlilər adından dərin təşəkkürümü bildirim və Mingəçevirə xoş gəlmisiniz deyim!
Möhtərəm cənab Prezident!
Hörmətli qonaqlar, əziz mingəçevirlilər!
Bu gün hər bir mingəçevirli böyük iftixar hissi ilə deyir ki, ümummilli liderimiz, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin siyasi xətti etibarlı əllərdədir.
2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində mingəçevirlilər bu xəttə öz sədaqət və etimadlarını yüksək mütəşəkkilliklə nümayiş etdirdilər.
Əsası 56 il əvvəl su elektrik stansiyasının tikintisi ilə əlaqədar qoyulan, cəmi 20-30 min əhalinin yaşaması nəzərdə tutulan Mingəçevir şəhərinin əsas inkişaf dövrü xalqımızın böyük oğlu, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəldiyi illərdən başlanmışdır.
Azərbaycanın gələcək müstəqilliyini görən Heydər Əliyevin şəxsi təşəbbüsü və gərgin səyi nəticəsində 1974-cü ildə Cənubi Qafqazın ən iri elektrik enerjisi istehsalı müəssisəsi olan Azərbaycan DRES-in tikintisinə başlanmış və 1981-ci ilin oktyabr ayının 20-də onun özünün iştirakı ilə stansiyanın birinci enerji bloku istismara verilmişdir.
“Mingəçevir təkcə energetiklərin, kimyaçıların, toxucuların deyil, bütün Azərbaycanın gözəl şəhəridir” – deyən ümummilli liderimiz Heydər Əliyevin mingəçevirlilərə göstərdiyi bu diqqət onların qəlbində əbədi və silinməz izlər buraxmışdır.
Təəssüflər olsun ki, 1990-cı illərin əvvəllərində bütün ölkədə olduğu kimi, Mingəçevir şəhərində də baş alıb gedən siyasi və iqtisadi böhran, habelə AXC-müsavat hakimiyyəti dövründəki anarxiya və xaos nəticəsində əksər sənaye müəssisələrinin fəaliyyəti dayanmış, istehsalın həcmi kəskin şəkildə aşağı düşmüş, əhalinin məşğulluğu sahəsində ciddi problemlər yaranmış, şəhərin iqtisadiyyatı tənəzzülə uğramışdı.
1993-cü ildə xalqın təkidi ilə yenidən hakimiyyətə gələn dahi şəxsiyyətimiz Heydər Əliyevin gərgin və fövqəladə fəaliyyəti nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərqərar edilmiş, 1996-cı ildən Azərbaycanın bütün regionlarında olduğu kimi, Mingəçevirdə də iqtisadiyyatın dinamik inkişafı başlanmışdır.
Əldə edilmiş nailiyyətlər, hazırda 120 min əhalinin, o cümlədən 23 min nəfərədək qaçqın və məcburi köçkünün və müxtəlif kateqoriyalardan olan 7 mindən çox imtiyazlı şəxsin yaşadığı Mingəçevir şəhərində xüsusilə son illərdə geniş quruculuq və abadlıq işlərinin aparılmasına şərait yaratmışdır.
Şəhəri dəfələrlə təbii fəlakətlə üz-üzə qoymuş 11 kilometrlik sel-su kanalı. 7700 kvadratmetr ərazidə asfalt örtüyü bərpa edilmiş, 100 mindən çox ağac və gül kolları əkilmişdir. Kür çayının sağ sahilində uzun illər baxımsız qalmış 5 hektar sahədə abadlıq və təmizlik işləri aparılmış, burada ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan seyrəngah salınmışdır. Son illərdə Mingəçevir şəhərində Prezident Fərmanlarının icrası ilə əlaqədar beş möhtəşəm abidə ucaldılmışdır.
Şəhid ailələri və Qarabağ əlilləri üçün 1999-cu ildə 30 mənzilli yaşayış binası tikilmişdi. Ümummilli liderimiz Heydər Əliyevin qayğısı sayəsində bu kateqoriyadan olan ailələrə daha bir 24 mənzilli yaşayış binası 2002-ci ildə istifadəyə verilmişdir. Hazırda onlar üçün növbəti 24 mənzilli yaşayış binasının tikintisi davam edir.
Uzunluğu 3,1 kilometr, diametri 630 millimetr olan içməli su xəttinin çəkilişi başa çatmaq üzrədir.
Təşəbbüs yolu ilə 5 nömrəli məktəbdə 200 yerlik korpus, DRES qəsəbəsində isə müasir tələblərə cavab verən 500 yerlik yeni məktəb binası tikilib istifadəyə verilmişdir.
Möhtərəm cənab Prezident!
Mingəçevir respublikada yeganə şəhərdir ki, 18 ümumtəhsil məktəbinin hamısında məcburi köçkünlər məskunlaşmışdı.
Bu gün açılışında iştirak etdiyiniz qəsəbədə məskunlaşdırılan məcburi köçkünlər 11 ildir ki, 4 məktəb binasında, “Kür” avarçəkmə bazasında və digər ictimai yerlərdə ağır şəraitdə yaşayırdılar.
Ümummilli liderimiz cənab Heydər Əliyevin bilavasitə köçkünlərin bir hissəsinin qayğısı sayəsində tikilən bu qəsəbə həm məcburi həyat şəraitini yaxşılaşdırmağa, həm də 4 məktəbdə təmir aparmaqla yeni dərs ilində normal tədris prosesini bərpa etməyə imkan vermiş, “Kür”avarçəkmə bazasının bərpasına şərait yaratmışdır.
Məktəblərin boşaldılması prosesi və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması Mingəçevirdə rəğbətlə qarşılanır. Əminik ki, Sizin müstəsna qayğınız sayəsində başa gələn bu işlər bundan sonra da davam etdiriləcəkdir.
Möhtərəm cənab Prezident!
Bütün mingəçevirlilər yaxşı bilirlər ki, “Kür” avarçəkmə bazasının bərpası Sizin nəzarətinizdədir. Sizin qayğınız sayəsində Dövlət proqramına daxil edilən bu obyektdə yaxın vaxtlarda yenidənqurma işlərinə başlanacağı bizdə sevinc hissləri oyatmışdır.
Şəhər əhalisinə mədəni xidmətin səviyyəsini yaxşılaşdırmaq məqsədi ilə “Energetik” mədəniyyət sarayı və N.Nərimanov adına mədəniyyət evinin binası əsaslı təmir edilmiş və ətrafı abadlaşdırılmışdır. Bu istiqamətdə görülən işlərdə “Azərenerji” Səhmdar Cəmiyyətinin əməyini qeyd etmək lazımdır.
Rayonlararası nevroloji dispanserin binası əsaslı surətdə yenidən qurulmuş və o, fəaliyyətə başlamışdır.
Heydər Əliyev şəxsiyyətinin, onun zəngin irsinin öyrənilməsi və təbliği məqsədi ilə 1999-cu ildə şəhər icra hakimiyyəti nəzdində yaradılmış “Heydər Əliyev Universiteti” öz fəaliyyətini uğurla davam etdirir. Şəhərin bütün idarə, müəssisə və təşkilatlarında ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən guşələr və muzeylər yaradılmışdır. Mingəçevirlilərin yekdil qərarı ilə şəhərin mərkəzi prospektinə və meydanına ümummilli liderimiz Heydər Əliyevin adı verilmiş və prospektin giriş hissəsində onun əzəmətli portret-abidəsinin təntənəli surətdə açılışı keçirilmişdir.
Son illərdə idmanın inkişafına xüsusi diqqət yetirilmişdir. Bunun nəticəsidir ki, Mingəçevir idmançıları respublikamızı bir çox beynəlxalq yarışlarda şərəflə təmsil etmişlər. Həmyerlimiz Vüqar Ələkbərov Sidneydə keçirilən Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı olmuş, digər idmançılarımız dünya, Avropa çempionatlarında və müxtəlif beynəlxalq yarışlarda mükafata layiq yerlər tutmuşlar.
Şəhər icra hakimiyyəti ilə Gənclər, İdman və Turizm Nazirliyinin birgə fəaliyyəti nəticəsində “Mingəçevir şəhərində bədən tərbiyəsi və idmanın inkişafı proqramı (2004-2008-ci illər)” işlənib hazırlanmışdır.
Şəhər iqtisadiyyatının, özəl sektorun inkişafına diqqət ön plana çəkilmiş, onlarca yeni istehsal və xidmət müəssisələri yaradılmışdır. Mingəçevir-Bakı sürət qatarı işə salınmış, şəhərin tarixində ilk dəfə olaraq dəmir yolu sərnişin vağzalı tikilmişdir.
İllərlə fəaliyyətini dayandırmış “Toxucu”, “Azərkabel”, “Şüşəlifi”, “Azyolmaş”, “Ağac emalı” səhmdar cəmiyyətlərinin işi şəhər icra hakimiyyətinin, respublika hökumətinin və mərkəzi icra hakimiyyəti orqanlarının, o cümlədən İqtisadi İnkişaf Nazirliyinin birgə səyləri nəticəsində qismən bərpa edilmişdir.
Şəhər İcra hakimiyyəti “Azərenerji” və “Azəriqaz” səhmdar cəmiyyətləri ilə qarşılıqlı fəaliyyətini qura bilmiş, şəhərin elektrik enerjisi və təbii qazla təchiz olunmasındakı problemlər aradan qaldırılmış, istifadə edilmiş elektrik enerjisi və təbii qazın haqqının ödənilməsində yaxşı nəticələr əldə edilmişdir.
Mingəçevir Su Elektrik Stansiyasında 4 hidroaqreqat yenidən qurulmuş, stansiyanın gücü 40 meqavat artırılmışdır.
Azərbaycan DRES-də aparılmış keyfiyyətli təmir-bərpa işləri nəticəsində blokların gücü 400 meqavat artırılmışdır. Stansiyada uzun illərdən bəri yığılıb qalmış 13 milyard manatdan çox əmək haqqı borcu Sizin birbaşa göstərişiniz və qayğınız sayəsində ləğv edilmişdir.
Mingəçevirdə iri sənaye, tikinti və nəqliyyat müəssisələrinin bazasında 32 səhmdar cəmiyyəti yaradılmış, bunların 8-nin səhmləri tam özəlləşdirilmişdir. Ümumən 432 müəssisə və obyekt özəlləşdirilmiş və dövlət büdcəsinə 6 milyard manata yaxın vəsait daxil olmuşdur.
Mingəçevir şəhərində son beş ildə iqtisadi və sosial sahələrdə əldə edilmiş nailyyətlər 2003-cü ilin yekunlarında öz əksini tapmışdır. İl ərzində şəhərin sənaye müəssisələrində istehsal olunan məhsulun həcmi 10 faiz artaraq, 761 milyard manata çatdırılmışdır.
Nəqliyyat və rabitə sahələrinin işində də müsbət irəliləyiş əldə olunmuşdur. Belə ki, əvvəlki illə müqayisədə avtonəqliyyat müəssisələri tərəfindən göstərilən xidmətlərin həcmi 2003-cü ildə 7,9 faiz artmışdır.
Müasir tələblərə cavab verən yeni avadanlıqla təchiz olunmuş rabitə müəssisələri 2003-cü ildə əhaliyə 3,4 milyard manatlıq rabitə xidmətləri göstərmiş, xidmətin həcmi 18 faiz artmışdır.
2003-cü ildə şəhərin əhalisinə 158 milyard manatlıq istehlak malları satılmış və 15 milyard manatlıq pullu xidmət göstərilmişdir. Əvvəlki illə müqayisədə pərakəndə əmtəə dövriyyəsinin həcmi 12,4 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 10,4 faiz artmışdır.
Tikinti sahəsində fəaliyyət göstərən müəssisələrin öz gücləri ilə gördükləri işin həcmi 8,5 milyard manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 28 faiz çoxdur. 2003-cü ildə Mingəçevir şəhərində 6 min kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir.
Möhtərəm cənab Prezident!
Şəhər icra hakimiyyəti və mingəçevirlilər “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 2003-cü il 24 noyabr tarixli Fərmanınızı fəaliyyət proqramı kimi qəbul edərək, onun icrası ilə bağlı vəzifələri uğurla həyata keçirmək əzmindədirlər.
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramında Mingəçevirin sosial-iqtisadi inkişafının əsas istiqamətlərinin öz əksini tapması sakinlərimiz tərəfindən böyük rəğbət hissi ilə qarşılanmışdır. İcazə verin, bu diqqət və qayğıya görə Sizə şəhər əhalisinin minnətdarlığını çatdırım.
Proqramın icrası şəhərin sənaye müəssisələrində məhsul istehsalının həcmini 120 faiz, o cümlədən qeyri-dövlət sektorunda 2,5 dəfə, tikinti-quraşdırma işlərinin, nəqliyyat və rabitə xidmətlərinin həcmini 2 dəfə, pərakəndə əmtəə dövriyyəsinin həcmini 1,6 dəfə artırmağa imkan verəcəkdir.
İlin sonunadək Mingəçevirdə 1700 iş yeri açılacaqdır. Məlumat verim ki, bu ilin 5 ayında 450 yeni iş yeri yaradılmışdır.
Proqramda nəzərdə tutulan 5 il ərzində isə ümumilikdə 7 mindən çox yeni iş yeri yaradılacaq, orta aylıq əmək haqqı 3 dəfə artırılacaqdır.
Artıq Proqramın müvəffəqiyyətlə icrasına başlanmışdır. Yaxın günlərdə 1000 nəfərin işləyəcəyi müasir ticarət mərkəzi, sutkada 10 min litr məhsul istehsal edən pivə zavodu istifadəyə veriləcəkdir.
Yüksəkgərginlikli dəmir-beton elektrik dayaqlarının istehsalı üzrə müəssisələrin, qum və çınqıl istehsalı üzrə iki yeni sahənin təşkilinə başlanmışdır. Bu müəssisələrdə ümumilikdə 400 nəfərə yaxın adam işə cəlb olunacaqdır.
Deyilənlərlə yanaşı, şəhər icra hakimiyyətinin və mingəçevirlilərin qarşısında həlli vacib olan problemlər də az deyildir. İlk növbədə, şəhərin sənaye potensialından daha geniş istifadə etmək, müasir texnologiyaları tətbiq etməklə rəqabət qabiliyyətli məhsul istehsalına nail olmaq üçün ciddi işlər görməliyik. Aparılan təhlilər göstərir ki, “Azərkabel”, “Toxucu”, “İzolit”, “Şüşəlifi” səhmdar cəmiyyətlərinin istehsal proseslərinin bərpası və genişləndirilməsi şəhərin iqtisadi inkişafına və məşğulluq probleminin həllinə böyük təkan ola bilər.
Vaxtilə 30 min nəfər əhali üçün nəzərdə tutulan su, kanalizasiya, istilik və elektrik təsərrüfatlarının tamamilə yenidən qurulmasına ciddi ehtiyac vardır.
Şəhərdə turizm və su idmanının inkişafı üçün əlverişli təbii imkanlar mövcuddur.
Şəhərin daxili yollarının, mühəndis-kommunikasiya xətlərinin, yaşayış məhəllələrinin və mənzil fondunun təmirinə ciddi ehtiyac vardır. Bu məqsədlər üçün nəzərdə tutulan büdcə vəsaitinin artırılması zəruridir.
Mingəçevirlilər əmindirlər ki, bu problemlər Sizin tövsiyələriniz əsasında müvafiq nazirliklərin köməyi ilə öz həllini tapacaqdır.
Möhtərəm cənab Prezident!
Sizə məlumat verirəm ki, Mingəçevirdə yüksək mənəvi saflıq, ideya birliyi, bütün şəhərdə vahid ailə səmimiyyəti mövcuddur.
İcazə verin, Mingəçevirə və mingəçevirlilərə göstərdiyiniz böyük diqqət və qayğıya görə Sizə bir daha minnətdarlığımı və təşəkkürümü bildirim.
Möhtərəm cənab Prezident!
Sizi – ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin qətiyyətli davamçısını, mingəçevirlilərin əzizi olan cənab İlham Əliyevi - əmin edirik ki, mingəçevirlilər Sizin ətrafınızda daha mütəşəkkil birləşəcək və qarşıya qoyduğunuz tarixi vəzifələrin həyata keçirilməsində səylərini əsirgəməyəcəklər.
Diqqətinizə görə sağ olun!
X X X
İQTİSADİ İNKİŞAF NAZİRİ FƏRHAD ƏLİYEVİN ÇIXIŞI
-Möhtərəm cənab Prezident!
Hörmətli müşavirə iştirakçıları.
Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, əldə edilmiş uğurlar bu gün onun ən layiqli davamçısı möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ölkə iqtisadiyyatında əldə olunmuş makroiqtisadi sabitlik, dinamik inkişaf sürəti və Azərbaycanın beynəlxalq aləmdə tutduğu mövqe bu gün işsizliyin və yoxsulluğun azaldılması, xalqın rifahının yüksəldilməsi, kəndlə şəhər arasında fərqin minimuma endirilməsi, sosial vəziyyətin yaxşılaşdırılması istiqamətində davam etdirilir. Təkcə 2004-cü ilin ilk dörd ayı ərzində 11,1 trilyon manatlıq ümumi daxili məhsul istehsal olunmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 10,1 faiz artmış, ölkə iqtisadiyyatına 1,5 milyard dollar sərmayə yönəldilmişdir. Bundan əlavə, ölkədə həyata keçirilmiş tədbirlər nəticəsində 2003-cü ilin son rübü və cari il aprel ayının 15-dək olan dövrdə 30 min yeni iş yeri açılmışdır. Kənd təsərrüfatının müxtəlif sahələrində - pambıqçılıq, üzümçülük, çayçılıq, meyvəçilik və tərəvəzçilikdəki mövsümü iş yerləri də əhalinin gəlirlərinin artmasına müsbət təsir göstərməkdədir. Eyni zamanda, bildirmək istəyirəm ki, fəaliyyəti bərpa olunmuş müəssisələrdə də yeni iş yerlərinin açılması üçün ciddi iş aparılır.
Təbii ki, əldə edilmiş dinamik inkişaf ölkənin regionlarında mövcud olan iqtisadi potensialdan tam və səmərəli istifadə olunması, sosial-iqtisadi vəziyyətin yaxşılaşması iqtisadiyyatın tarazlı inkişafını tələb edir. Ölkə rəhbərliyinin bu sahəyə böyük diqqət və qayğısının nəticəsi olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 24 noyabr 2003-cü il tarixdə “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi haqqında” Fərman imzalanmışdır. Fərmanda qeyd olunan tədbirlərin kampaniya xarakterli deyil, uzunmüddətli, aydın və davamlı olması üçün Azərbaycan Respublikasının Prezidenti sosial-iqtisadi inkişafın sürətləndirilməsi istiqamətində mühüm vəzifələr müəyyənləşdirdi və müvafiq orqanlara ciddi tapşırıqlar verildi. Fərmanın icrası ilə bağlı regionlarda aparılan təhlil işləri göstərdi ki, məhsuldar qüvvələrin çox hissəsinin Bakı şəhərində cəmlənməsi regionların inkişafını labüd etməklə bərabər, bu məsələyə uzunmüddətli və kompleks yanaşma tələb edir. Məhz bu məsələlərlə əlaqədar Azərbaycan Prezidenti gələcək beş il üçün regionların sosial-iqtisadi inkişafı proqramını qəbul etdi.
Proqram respublikanın 10 iqtisadi rayonunu əhatə edir ki, bunlardan biri də Mingəçevir şəhəri daxil olmaqla Aran iqtisadi rayonudur. Dövlət proqramının icrası ilə bağlı əlaqələndirici funksiya İqtisadi İnkişaf Nazirliyinə həvalə olunmuşdur. Proqramdakı işlərin səmərəli təşkili məqsədi ilə hər bir iqtisadi rayon üzrə, o cümlədən Mingəçevir şəhərində nazirliyin regional inkişaf şöbəsi yaradılmışdır.
Azərbaycan Prezidentinin tapşırığına əsasən, Aran iqtisadi zonasına daxil olan rayonların aidiyyəti strukturlarının rəhbərləri ilə Mingəçevir şəhərində müşavirə keçirilmiş və digər iqtisadi rayonlarda olduğu kimi, burada da Dövlət proqramının icrasına başlanmışdır. Bildirim ki, aprel ayının 15-nə olan məlumata görə, Aran iqtisadi rayonu üzrə 5762 yeni iş yeri açılmışdır.
Möhtərəm cənab Prezident, Mingəçevir şəhəri sənaye potensialına görə ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyətə malikdir. Şəhərin sənayesinin əsasını elektroenergetika, kimya və maşınqayırma müəssisələri təşkil edir. Mingəçevir şəhərində yerləşən elektrik stansiyaları ölkədə istehsal olunan elektrik enerjisinin təxminən 60 faizini verir. Şəhərdə pambıq-parça toxuculuğu, elektrotexnika və balıqçılıq da kifayət qədər inkişaf etmişdir.
Azərbaycanın iqtisadi həyatında əhəmiyyətli yer tutan, ölkənin iri sənaye şəhərlərindən olan Mingəçevirin əsas inkişaf dövrü 1970-ci illərdə başlamışdır. Həmin illərdə şəhərdə bir çox istehsal və sosial obyektlər inşa edilmişdir. Lakin 1980-ci illərin sonu - 90-cı illərin əvvəllərində respublikada baş vermiş məlum siyasi-iqtisadi proseslər Mingəçevir şəhərində də bir çox istehsal sahələrinin fəaliyyətinin dayanmasına gətirib çıxarmışdı. Son illər isə respublikada aparılan məqsədyönlü işlər Mingəçevirin də inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Cənab Prezident, Sizin tapşırığınıza uyğun olaraq, şəhərin sənaye potensialının bərpa edilməsi və inkişafı məqsədi ilə, dövlət əmlakının özəlləşdirilməsi işlərinin sürətləndirilməsinə diqqət daha da artırılmışdır. Bu günədək səhmdar cəmiyyətlər də daxil olmaqla, kiçik və orta müəssisələrlə birlikdə 460-a yaxın obyekt kiçik müəssisə kimi özəlləşdirilmişdir. Şəhər sənayesində mühüm rola malik olan “Azyolmaş” müəssisəsi özəlləşdirildikdən sonra buraya təxminən 2 milyon dollara yaxın sərmayə qoyulmuşdur. Müəssisədə qısa müddət ərzində təxminən 500 nəfərə yaxın Azərbaycan vətəndaşı işlə təmin olunmuşdur. Özəlləşdirildikdən sonra “Azərkabel” zavodunun da fəaliyyəti qismən bərpa edilmiş, sərmayəçilər tərəfindən əsaslı təmir işlərinə başlanmış, avadanlıqlar hazır vəziyyətə gətirilmiş və onlara ehtiyat hissələri alınmışdır. Hazırda müəssisədə 180 nəfərə yaxın işçi çalışır. Yaxın gələcəkdə bu müəssisənin daha da inkişaf etməsi və ilin sonunadək 3,2 milyon dollar həcmində sərmayə qoyulması, gələn il də daxil olmaqla, müəssisədə 800 nəfərin işlə təmin edilməsi nəzərdə tutulur.
“Şüşə lifi” Səhmdar Cəmiyyətində iş ahəngi bərpa olunub və bu, davam etməkdədir. Bu müəssisədə təxminən 200 nəfər işçi çalışır. İlin sonunadək əlavə olaraq 100 nəfərin işlə təmin edilməsi gözlənilir. Respublikanın ən iri yüngül sənaye müəssisələrindən hesab olunan Mingəçevir Toxuculuq kombinatının özəlləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Kombinatın bazasında “Mingəçevir-Toxuçuluq” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Müəssisənin özəlləşdirilməsi prosesinə sərmayəçilərin cəlb edilməsi üçün hazırda İqtisadi İnkişaf Nazirliyində işlər görülür. Onun səmərəli özəlləşdirilməsi şəhərdə yoxsul əhalinin məşğulluğunu təmin etmək məqsədi daşıyacaqdır və burada bütövlükdə 1200 yeni iş yerinin açılması planlaşdırılmışdır.
Bunlardan əlavə, “Mingəçevir izolit” , “Mingəçevir texniki rezin”, “Mingəçevir qum-çınqıl”, “Mingəçevir ağac emalı” və digər müəssisələr öz fəaliyyətini davam etdirir. Bu müəssisələrdə yığılıb qalmış borcların silinməsi, məcburi sosial ödəmələrin tənzimlənməsi, borca görə əmlaka həbs qoyulmasının məhdudlaşdırılması həmin müəssisələrin yenidən fəaliyyət göstərməsinə gətirib çıxarmışdır. Bu gün onlar rahat işləyə və işçiləri, qismən də olsa, əmək haqqı ilə təmin edə bilirlər.
Son illərdə ölkə rəhbərliyi tərəfindən sahibkarlara göstərilən diqqət və qayğı Mingəçevir şəhərində də özəl bölmənin inkişafına böyük təkan vermişdir. Hazırda Mingəçevirdə sahibkarlıq subyektlərinin sayı təxminən 1800 nəfərə çatmışdır. Sahibkarlığa Kömək Milli Fondundan ayrılmış güzəştli kreditlər hesabına ümumi dəyəri 1,5 milyard manat məbləğində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı yönümlü 3 layihənin maliyyələşməsinə başlanmışdır. Həmin layihələrlə 50 yeni iş yerinin açılması təmin edilmişdir.
Beynəlxalq maliyyə təşkilatları ilə həyata keçirilən əməkdaşlıq çərçivəsində də Mingəçevir şəhərinin sosial-iqtisadi inkişaf məsələləri diqqət mərkəzindədir. Son illərdə Avropa Yenidənqurma və İnkişaf Bankının, İslam İnkişaf Bankının maliyyə dəstəyi ilə elektrik enerjisinin istehsalı və ötürülməsi sahəsində ciddi işlər görülmüşdür. Zəlzələ nəticəsində zərər çəkmiş infrastrukturun bərpası layihəsi üzrə İslam İnkişaf Bankının ayırdığı kreditlər hesabına Mingəçevir su anbarı bəndinin sağ sahilində torpaq sürüşməsinin qarşısı alınmış və orada aparılan bərpa işlərinə lazımi vəsait xərclənmişdir. Yaponiya Fondunun ayırdığı qrant hesabına Asiya İnkişaf Bankının Mingəçevir şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlərə yardım layihəsi çərçivəsində 412 ailəlik qəsəbə salınmış və müvafiq infrastrukturla təmin olunmuşdur. Bundan başqa, Mingəçevir şəhərində şəhid ailələrinin və müharibə əlillərinin sosial şəraitinin yaxşılaşdırılması məqsədi ilə 71 mənzilli yaşayış binasının tikintisi üçün dövlət büdcəsindən 1,75 milyard manat vəsait ayrılmışdır.
Tikintinin 2005-ci ildə başa çatdırılması planlaşdırılmışdır.
Almaniyanın Texniki Əməkdaşlıq Təşkilatı tərəfindən maliyyələşdirilən özəl sektorun inkişafına dəstək layihəsi çərçivəsində Göyçay-Mingəçevir bölgəsində tədbirlər həyata keçirilir. Şəhər əhalisinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə 3,1 kilometr uzunluğunda su kəməri çəkilir.
Dövlət proqramına əsasən, yaxın illərdə olimpiya idman-təlim kompleksinin yenidən qurulması ruhi-əsəb xəstəlikləri dispanserinin, yeni yaşayış binalarının inşaası, Azərbaycan DRES-də yenidənqurma və modernləşdirmə işlərinin aparılması, infrastrukturun inkişaf etdirilməsi, energetika, kimya, maşınqayırma və yüngül sənaye müəssisələrinin fəaliyyətinin bərpası və inkişafının dəstəklənməsi sahəsində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu il şəhərin Yeni günəşli massivində 300 yerlik orta məktəbin inşaasına başlanacaqdır. Obyektin 2005-ci ildə istifadəyə verilməsi, növbəti mərhələdə isə daha 3 məktəbin əsaslı təmir olunması nəzərdə tutulmuşdur. Bundan əlavə, su və kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar bir sıra beynəlxalq təşkilatlar və xarici operatorlarla danışıqlar aparılır.
Möhtərəm cənab Prezident, sahibkarlara daha əlverişli şərait yaradılması məqsədi ilə Sizin fərmanlarınıza uyğun olaraq, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadə mexanizminin təkmilləşdirilməsi Mingəçevir sahibkarlarına da güzəştli kreditlərdən istifadə üçün əlavə imkanlar açmışdır. Mingəçevir şəhərində makaron, ət-süd, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarlıq subyektlərinə müvafiq dəstəyin göstərilməsi planlaşdırılır. Dövlət proqramına əsasən, 2004-2008-ci illər ərzində Mingəçevirdə həyata keçirilməsi nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində şəhərin sənaye müəssisələrində məhsul istehsalının həcmi 1,2 dəfə, tikinti-quraşdırma işlərinin, nəqliyyat və rabitə xidmətinin həcmi 2 dəfə, pərakəndə əmtəə dövriyyəsi 2,6 dəfə artırılacaqdır. Proqramla nəzərdə tutulan müddət ərzində şəhərdə 7 mindən artıq yeni iş yeri açılacaq, orta aylıq əmək haqqı isə 3 dəfə artırılacaqdır.
Möhtərəm cənab Prezident, Sizi əmin etmək istərdim ki, bu vəzifələrin lazımi səviyyədə yerinə yetirilməsi üçün bütün imkanlarımızı səfərbər edəcək və onların öhdəsindən gəlməyə çalışacağıq.
“AZƏRENERJİ” SƏHMDAR CƏMİYYƏTİNİN PREZİDENTİ
ETİBAR PİRVERDİYEVİN ÇIXIŞI
Möhtərəm Prezident!
Xalqının böyük oğlu, ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlı olan Mingəçevir şəhərinə Azərbaycan Respublikasının Prezidenti kimi ilk gəlişiniz bütün mirgəçevirlilərin, o cümlədən biz energetiklərin də böyük sevincinə səbəb olmuşdur.
Məlum olduğu kimi, bu şəhərin inkişafı, buradakı bütün sənaye obyektlərinin, təhsil və mədəniyyət ocaqlarının, o cümlədən ölkəmizin enerji sistemin əsas müəssisələrindən biri olan Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının tikintisi və Mingəçevir Su Elektrik stansiyasının yenidən qurulması ulu öndərimiz Heydər Əliyevin fədakar əməyinin bəhrəsidir. Bütün bunlara görə biz ona həmişə borcluyuq.
Hazırda respublikamızın enerji sistemi 5000 MVt-dan artıq istehsal gücünə və ümumi uzunluğu 100 min kilometrdən çox elektrik verilişi xətlərinə malik olmaqla Cənubi Qafqazın ən böyük və ən dayanıqlı enerji sistemidir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, qonşu Gürcüstan və Ermənistan respublikaları birlikdə ildə cəmi 12 milyard kilovat-saat elektrik enejisi istehlak etdikləri halda, Azərbaycanda 2003-cü ildə bu göstərici 22,7 milyard kilovat-saatdan artıq olmuşdur. Adambaşına düşən elektrik enerjisinə görə Azərbaycan bir çox MDB ölkələrindən irəlidə gedərək, dünya dövlətləri arasında önəmli yerlərdən birini tutur. Qeyd etmək lazımdır ki, Azərbaycan bu göstərici üzrə qonşu Türkiyə və İrandan irəlidədir.
Hələ sovet dövründə respublikamıza rəhbərlik etdiyi zaman böyük bir uzaqgörənliklə Azərbaycanın ərazisində iri elektrik stansiyalarının tikilməsinin təşəbbüskarı olmuş ümummilli liderimiz Heydər Əliyevin ölkənin müstəqil enerji sisteminin yaradılmasındakı rolu əvəzsizdir. Böyük fəxr və qürur hissi ilə deməliyik ki, məhz bilavasitə ulu öndərimizin rəhbərliyi altında görülmüş nəhəng işlər suverenlik qazandıqdan sonra gənc dövlətimizin enerji müstəqilliyini təmin etməyə imkan vermişdir.
Ümummilli liderimizin respublikaya rəhbərliyinin birinci dövründə 2400 MVt gücə malik Azərbaycan DRES, Kür çayı üzərində gücü 380 MVt olan Şəmkir SES, Gəncə şəhərində gücü 72 MVt olan Gəncə İstilik Elektrik Mərkəzi, Naxçıvan Muxtar Respublikasının ərazisində, Araz çayı üzərində gücü 22 MVt olan “Araz” SES, Dağlıq Qarabağ ərazisində gücü 50 MVt olan Tərtər SES kimi elektrik stansiyaları, 500 kilovoltluq Abşeron, 330 kilovoltluq Yaşma, Ağdam, İmişli, Ağcabədi, 220 kilovoltluq Səngəçal, Müşfiq sənaye qovşağı, Hövsan, Nizami, Ağsu, Babək, Masallı, Qəbələ yarımstansiyaları tikilib istifadəyə verilmiş, 500 kilovoltluq 1-ci və 2-ci Abşeron, 330 kilovoltluq 3-cü, 4-cü, 5-ci və 6-cı Mingəçevir, 3-cü və 4-cü Əli Bayramlı, Yaşma-Dərbənd, 3-cü İmişli elektrik verilişi xətləri inşa edilmişdir.
Hazırda Cənubi Qafqazın ən nəhəng istilik elektrik stansiyası adını şərəflə daşıyan Azərbaycan DRES-in inşası barədə qərar da məhz həmin dövrdə Heydər Əliyevin şəxsi təşəbbüsü, yenilməz iradəsi və qətiyyəti sayəsində qəbul edilmişdi.
Respublikamızın başçısı keçmiş ittifaqın ali hakimiyyət orqanlarında bu qərarın təsdiqlənməsi üçün çox böyük əmək sərf etmiş və 1974-cü ildə stansiyanın inşasının əsl ümumxalq tikintisinə çevrilməsinə nail olmuşdu.
Azərbaycan DRES-in tikintisinə ulu öndərimiz Heydər Əliyev şəxsən özü rəhbərlik etmiş, inşaat işlərinin gedişini daim nəzarətdə saxlamışdır. 1981-ci il oktyabr ayının 20-də isə birinci enerji blokunun istismara verilməsi ərəfəsində Mingəçevir şəhərinə gələrək, inşaatçılar və energetiklərlə görüşmüş, onlara öz dəyərli tövsiyələrini vermişdi. İttifaq rəhbərliyinə irəli çəkildikdən sonra Heydər Əliyev özünün əsəri olan bu obyektdə tikinti-quraşdırma işlərinin tamamlanmasına əvəzsiz diqqət, qayğı və köməkliyini əsirgəməmişdi. Məhz buna görədir ki, 1981-1986-cı illər ərzində ildə bir blok işə salınmaqla stansiyanın 6 bloku istismara verilmişdi.
On bir il bundan əvvəl – 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə ümummilli liderimiz Heydər Əliyev ölkəmizin rəhbərliyinə qayıdıb, müstəqil dövlətimizin sükanını öz qüdrətli əllərinə aldıqdan sonra digər sahələrdə olduğu kimi, elektroenergetikada da yeni bir canlanma dövrü başlandı.
Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə milli elektroenergetikamızın yenidən qurulması və öz potensialını artırması istiqamətində mühüm tədbirlər həyata keçirildi.
Nəticədə enerji sisteminin normal fəaliyyətini bərpa etmək mümkün oldu. Əvvəlki illərdə istehsal gücünün xeyli hissəsini itirmiş Azərbaycan DRES öz yaradıcısı və hamisinin qayğısı, diqqəti sayəsində ölkənin enerji sisteminin flaqmanı adını qoruyub saxlaya bilmişdir.
Qeyd etmək lazımdır ki, 1993-2003-cü illər ərzində ulu öndərimiz Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə 700 meqavatdan artıq yeni generasiya gücləri işə salınmışdır. Belə ki, Mingəçevir SES-də 42 MVt, Yenikənd SES-də 150 MVt, 1 nömrəli Bakı İstilik Elektrik Mərkəzində 110 MVt, “Şimal” DRES-də isə 400 MVt gücündə qurğular ümummilli liderimizin iştirakı ilə istifadəyə verilmişdir.
Respublikanın elektroenergetika sistemini, o cümlədən Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasını diqqət mərkəzində saxlayan ümummilli liderimiz 2000-ci ildə “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” Fərman imzaladı. Bu Fərmandan irəli gələn tədbirlərin yerinə yetirilməsi nəticəsində 2002-2003-cü illərdə Azərbaycan DRES-in texniki-iqtisadi göstəriciləri xeyli yaxşılaşdırılmışdır. 2001-ci ilin payız-qış mövsümündə stansiya 1650 MVt güclə işlədiyi halda, aparılmış təmir-bərpa işləri nəticəsində 2002-ci ildə stansiyada maksimum güc 2050 MVt, 2003-cü ildə isə 2100 MVt olmuşdur.
Nəticədə 2003-cü ildə stansiyada elektrik enerjisi istehsalı 2002-ci ildəkinə nisbətən 465 milyon kilovat-saat və ya 4,7 faiz artaraq 10,6 milyard kilovat-saat olmuşdur.
2001-ci ilə qədər Azərbaycan DRES-də 1 kilovat-saat elektrik enerjisinin istehsalına sərf edilən şərti yanacağın miqdarı 406-411 qram olmuşdur. 2002-2003-cü illərdə aparılmış təmir-bərpa işləri nəticəsində enerji bloklarının hər birinin yük məhdudiyyəti əvvəlki illərə nisbətən 50 MVt artırılmışdır. 2003-cü ildə maksimum iş rejimində blokların orta yükü 263 MVt, yanacaq sərfi isə 388,6 qram təşkil etmişdir.
Stansiyada 1 kilovat-saat elektrik enerjisinin istehsalına sərf edilən şərti yanacağın miqdarının 1 qram aşağı salınması ildə 7 min tondan artıq mazuta və ya 9 milyon kubmetrə qədər təbii qaza qənaət etməyə imkan verir. 2003-cü ildə 1 kilovat-saat elektrik enerjisinin istehsalına sərf edilən yanacağın miqdarı 2002-ci ilə nisbətən 7,5 qram aşağı salınmış, 80 min ton şərti yanacağa qənaət edilmişdir.
Möhtərəm Prezident!
Bu gün respublikada istehsal edilən elektrik enerjisinin 50 faizə qədəri Azərbaycan DRES-də istehsal edilir. Burada fəaliyyətdə olan 8 enerji bloku hazırda 2000 MVt-dan artıq elektrik enerjisi istehsal etməyə qadirdir.
Yanacaq-enerji sektorunun inkişaf proqramı çərçivəsində yenidənqurma işləri başa çatdırıldıqdan sonra isə stansiyanın gücü 2500 meqavatdan artıq olacaqdır.
Hazırda Azərbaycan DRES-də 2500-ə yaxın işçi çalışır. Stansiyada yüksək ixtisaslı kadrların işə cəlb edilməsi ilə yanaşı, əhalinin xüsusi imtiyazlı aztəminatlı təbəqələrinin də işlə təmin olunmasına ciddi diqqət yetirilir. Belə ki, stansiyada çalışan işçilərin 300 nəfərə qədəri qaçqın və ya məcburi köçkün, 250 nəfərə qədəri Qarabağ müharibəsi veteranı, 100 nəfərə qədəri şəhid ailələrinin üzvləri və ya əlillərdir.
Stansiyada çalışanların orta aylıq əmək haqqı 500 min manatdan çoxdur və əmək haqları hər ay vaxtında və Azərbaycan Beynəlxalq Bankının quraşdırdığı xüsusi bankomatlar vasitəsilə verilir.
Ölkənin istilik elektrik stansiyalarında mazut yanacağını daha ucuz başa gələn təbii qaz ilə əvəz etməyin məqsədəuyğunluğu barədə, cənab Prezident, Sizin təşəbbüsünüzü xüsusi olaraq qeyd etmək lazımdır.
Bu cür uzaqgörən, dəqiq düşünülmüş qərar qısa bir zamanda istilik elektrik stansiyalarının səmərəliliyini əsaslı surətdə artırmağa, respublikanın rayonlarında ekologiyanın pisləşməsinin qarşısının alınmasına imkan vermişdir.
2002-ci ildə istehsalın həcminin əvvəlki illərlə müqayisədə artması, 2003-cü ildə isə son 10 il ərzində enerji sistemi üzrə rekord göstəriciyə nail olunması bu ideyanın səmərəliliyinin əyani təzahürüdür.
Qaz yanacağına keçirilməsi bütün istilik stansiyalarının, o cümlədən də Azərbaycan DRES-in texniki-iqtisadi göstəricilərin yaxşılaşdırılmasında mühüm rol oynamışdır. 1999-2000-ci illərdə yanacaq balansında təbii qazın payı 5-7 faiz təşkil edirdisə, 2004-cü ilin 4 ayı ərzində bu göstərici 70 faizə qədər yüksəlmişdir.
Azərbaycan DRES-dəki enerji bloklarının güclərini bərpa etmək üçün 2004-2008-ci illər ərzində burada bir sıra yenidənqurma işlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bunlar enerji bloklarının yenidən qurulması; qəza vəziyyətində olan 1 nömrəli tüstü borusunun bərpası və dərinlik sugötürmə qurğusunun quraşdırılmasıdır.
Yenidənqurma işləri başa çatdırıldıqdan sonra stansiya üzrə mühüm nəticələr əldə ediləcəkdir. Belə ki, blokların hər birinin gücünün 330 MVt-a qədər qaldırılması, ümumilikdə, 450 Meqavata yaxın yeni güc əldə etməyə imkan verəcəkdir.
Stansiyada elektrik enerjisi istehsalı mövcud 10,5 milyard kilovat- saatdan 12,5 milyard kilovat-saata qədər artırıla bilər.
Hər kilovat-saata sərf olunan şərti yanacağın miqdarı 388 qramdan 320 qrama qədər aşağı salınacaqdır. Başqa sözlə, ildə 430 min ton mazuta qənaət etmək imkanı yaranacaqdır.
Ekspertlərin rəyinə görə, tüstü borusunun bərpasına təqribən 12 milyon ABŞ dolları və dərinlik suqəbuledici qurğunun tikintisinin başa çatdırılmasına isə təqribən 17 milyon ABŞ dolları məbləğində vəsait tələb olunur. Hər bir blokda aparılacaq yenidənqurma işlərinin dəyəri təqribən 15 milyon ABŞ dolları məbləğində qiymətləndirilmişdir.
Beləliklə, Azərenerji DRES-də yenidənqurma işlərinin tam həcmdə yerinə yetirilməsi üçün təqribən 150 milyon ABŞ dolları məbləğində vəsait tələb olunur.
Daha dəqiq qiymətləndirmə layihənin texniki-iqtisadi əsaslandırılması hazır olduqdan sonra müəyyənləşdiriləcəkdir.
Layihənin həyata keçirilməsi üçün Avropa Yenidənqurma və İnkişaf Bankı maraq göstərərək, 70 milyon ABŞ dolları məbləğində kredit ayırmaq niyyətində olduğunu bildirmişdir. Hazırda layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması istiqamətində işlər aparılır.
Mütəxəssislərin rəyinə görə, layihənin həyata keçirilməsinə sərf edilən xərclər 3 il ərzində qənaət edilmiş yanacaq və əlavə istehsal hesabına ödəniləcəkdir.
Lazımi təcrübənin və ilkin qiymətləndirilmənin əldə edilməsi məqsədi ilə “Azərenerji” ASC-nin mütəxəssisləri Sankt-Peterburqa, Özbəkistana, Belarusa və Ukraynaya ezam olunmuş, bu tip blokların yenidən qurulması ilə yaxından tanış olmuşlar.
Eyni zamanda, müxtəlif MDB ölkələrindən dəvət edilmiş ekspertlər Azərbaycana gələrək, bu işlə yaxından tanış olmuşlar. Hazırda Rusiyanın “LMZ” SC-nin eksperti Azərbaycan DRES üzrə işləri burada davam etdirir.
Möhtərəm Prezident!
“Azərenerji” Səhmdar Cəmiyyəti energetiklər şəhərinin sosial-iqtisadi problemlərinin həllində yaxından iştirak etmək barədə Sizin göstəriş və tapşırıqlarınızı ardıcıl olaraq yerinə yetirir.
Şəhər icra hakimiyyəti və digər yerli hakimiyyət orqanları, ictimai təşkilatlarla birlikdə sosial-iqtisadi inkişafın sürətləndirilməsi proqramının həyata keçirilməsi, yerli sənaye potensialının dirçəldilməsi, həmçinin şəhərin abadlaşdırılması, sakinlərin, qaçqınların və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mütəmadi tədbirlər həyata keçirməkdədir.
Sizin rəhbərliyiniz ilə respublikada sosial-iqtisadi inkişafın sürətləndirilməsi proqramının həyata keçirilməsi, davamlı iqtisadi islahatlar nəticəsində sənaye müəssisələrinin yaradılması, 600 mindən artıq yeni iş yerlərinin açılması elektrik enerjisinə olan tələbatı artıracaqdır. Bütün bunlar mövcud enerji potensialından səmərəli istifadə etməklə yanaşı, yeni generasiya güclərinin, yeni ötürücü xətlərin yaradılmasını zəruri edir.
Tələbatın artım sürətini nəzərə alaraq, yeni generasiya güclərinin işə qoşulması və müvafiq yüksək gərginlik xətlərinin və yarımstansiyaların tikintisi üçün yanacaq-enerji sektorunun inkişaf Proqramında Azərbaycan Respublikası ilə İran İslam Respubilkası arasında qarşılıqlı elektrik enerjisi ötürülməsi üzrə texniki imkanların artırılması, Sumqayıtda 400-500 MVt-lıq buxar-qaz qurğusunun inşası, elektrik ötürücü sektorun reabilitasiyasının 2-ci fazası, elektrik enerjisinin ötürülməsi sisteminin bərpası, Azərbaycan DRES-də yenidənqurma işləri, Əli Bayramlı DRES-in və Mingəçevir Su Qovşağının yenidən qurulması və bir sıra digər layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Sumqayıt şəhərində gücü 500 Meqavata qədər olan yeni istilik elektrik stansiyasının tikintisi üçün texniki-iqtisadi əsaslandırma hazırlanmışdır. Tikintiyə başlamaq üçün tender keçirilməsinə hazırlıq işləri aparılır.
Bundan başqa, “Şimal” DRES-də 400 MVt gücündə ikinci blokun tikintisi layihəsinin maliyyələşdirilməsi üçün Yaponiya İnkişaf Bankı ilə danışıqlar davam etdirilir.
Gələcəkdə respublikada alternativ enerji mənbələrindən istifadə edilməsi üzrə bir neçə eksperimental layihənin həyata keçirilməsi də nəzərdə tutulmuşdur.
Naxçıvan Muxtar Respublikasının elektrik enerjisi təminatının yaxşılaşdırılması üçün zəruri olan yeni xətlərin və yarımstansiyaların tikintisi layihəsinin maliyyələşdirilməsi məqsədi ilə İranın İdxal-İxrac Bankı ilə danışıqlar aparılır.
Milli elektroenergetikamızın paytaxtı sayılan Mingəçevirlə, əksər hissəsi energetika müəssisələrində çalışan mingəçevirlilərlə “Azərenerji”ni bir-birinə bağlayan qırılmaz tellər vardır. Ölkədə elektrik enerjisinin yarıdan çoxunu istehsal edən, unudulmaz rəhbərimiz, əbədi liderimiz Heydər Əliyevin yüzlərlə əsərlərindən biri olan Azərbaycan DRES təkcə bu şəhərin deyil, həm də ümumilikdə respublikanın elektroenergetika sənayesinin flaqmanı sayılır.
Müəssisənin əməkçiləri adından bütün energetiklərin arzu və istəyini ifadə edərək, bu stansiyaya ulu öndərimiz Heydər Əliyevin şərəfli adının verilməsini Sizdən xahiş edirik. Eyni zamanda, Heydər Əliyevin 1981-ci ildə stansiyanın birinci blokunun açılışı ərəfəsində Mingəçevirə gəldiyi 20 oktyabr gününün energetik günü kimi rəsmiləşdirilməsini də Sizdən xahiş edirik. Bizim bu xahişimizi dəstəkləyəcəyinizə ümid bəsləyirik.
Möhtərəm Prezident!
Sizi əmin edirik ki, biz energetiklər respublika əhalisinin və iqtisadiyyatının elektrik enerjisinə olan tələbatını layiqincə ödəmək üçün bütün qüvvələrimizi səfərbər edərək, əzmlə çalışacaq, Azərbaycanın firavan, işıqlı gələcəyi naminə qarşımıza qoyulmuş tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirəcəyik!
Sağ olun. Diqqətinizə görə təşəkkür edirəm.
X X X
Dövlətimizin başçısı müşavirəyə yekun vurdu.