PREZİDENT İLHAM ƏLİYEVİN VƏ PREZİDENT PƏRVİZ MÜŞƏRRƏFİN BİRGƏ MƏTBUAT KONFRANSI
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 12-də, geniş tərkibdə görüş başa çatdıqdan sonra prezidentlər birgə mətbuat konfransı keçirmişlər.
Prezident Pərviz Müşərrəf bildirdi ki, qardaş Azərbaycanla əlaqələri çox mühüm hesab edən Pakistan gələcəkdə də öz vədlərinə sadiq qalaraq, münasibətlərin inkişafına ciddi fikir verəcəkdir. Pakistanın dövlət başçısı ölkəmizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasında Azərbaycanı daim dəstəkləyəcəyini vurğulayaraq dedi ki, bu məsələnin beynəlxalq hüquq normaları çərçivəsində həlli vacibdir. Ümumiyyətlə Kəşmir, Dağlıq Qarabağ problemlərinin və digər münaqişələrin həlli istiqamətində mühüm bir mexanizmin yaradılması və həyata keçirilməsi zəruridir.
Prezident İlham Əliyev Pakistana rəsmi səfərinin yüksək səviyyədə keçdiyini vurğuladı və burada göstərilən qonaqpərvərliyə görə təşəkkür etdi. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan Kəşmir məsələsində Pakistanın ədalətli mövqeyini daim dəstəkləyəcəkdir.
Azərbaycan rəhbəri beynəlxalq terrorizmlə mübarizədə ölkələrimizin əməkdaşlığını da diqqətə çatdırdı. Prezident İlham Əliyev dövlət başçıları səviyyəsində aparılan danışıqların gələcəkdə bütün sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması baxımından müsbət nəticə verəcəyinə əminliyini vurğuladı.
Sonra Prezident İlham Əliyev və Prezident Pərviz Müşərrəf jurnalistləri maraqlandıran suallara cavab verdilər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Kəşmir məsələsi, beynəlxalq terrorizmlə mübarizə sahəsində əməkdaşlıq barədə suallara eyni mövqedən yanaşan prezidentlər Azərbaycanın və Pakistanın bütün sahələrdə ədalətin və sülhün tərəfində olduqlarını diqqətə çatdırdılar.