PREZİDENT İLHAM ƏLİYEVİN VƏ PREZİDENT PƏRVİZ MÜŞƏRRƏFİN TƏKBƏTƏK GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Prezidenti Pərviz Müşərrəf arasında təkbətək görüş olmuşdur.
Azərbaycana rəsmi səfərini və ölkəmizdə keçirdiyi görüşləri yaxşı xatırladığını bildirən Prezident Pərviz Müşərrəf Bakıda ona göstərilmiş qonaqpərvərliyə və diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. O, Azərbaycanda son illərdəki sürətli inkişafın Pakistanda yüksək qiymətləndirildiyini vurğuladı, eyni zamanda, 2001-ci ildən bəri Pakistanda gedən davamlı iqtisadi inkişaf prosesləri barədə məlumat verdi.
Onun dəvətini qəbul edib rəsmi səfərə gəldiyinə görə Prezident İlham Əliyevə bir daha minnətdarlıq edən Pakistan rəhbəri dedi ki, biz bu səfərinizi çox səbirsizliklə gözləyirdik. Ölkəmizə gəlməyinizdən çox şadıq və əminik ki, burada keçirəcəyiniz görüşlər iki qardaş ölkə arasındakı əməkdaşlığın inkişafına güclü təkan verəcəkdir.
Dövlətimizin başçısı İlham Əliyev səmimi sözlərə və səfərə dəvətə görə Prezident Pərviz Müşərrəfə minnətdarlığını bildirdi və əminliklə vurğuladı ki, bu səfər dost ölkələrimizin əlaqələrinin daha da inkişaf etməsində mühüm rol oynayacaq və əməkdaşlığımızda yeni mərhələ açacaqdır.
Görüşdə rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlığa böyük önəm verildiyi, Pakistanda bu sahənin sürətlə inkişaf etdiyi vurğulandı. Prezident Pərviz Müşərrəf ölkələrimizin müxtəlif regional və beynəlxalq qurumlarda əməkdaşlığının, ticarət dövriyyəsinin artırılmasının, birbaşa uçuşların təşkil olunmasının əhəmiyyətindən danışdı. O, TRASEKA layihəsində müşahidəçi kimi iştirak edən Pakistanın gələcəkdə ona tam qoşulmasına verdiyi dəstəyə görə Azərbaycana və Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Dövlətimizin başçısı ölkələrimiz arasındakı münasibətlərin günbəgün inkişaf etdiyini xatırlatdı və xüsusi vurğuladı ki, rabitə və informasiya texnologiyaları, mədəniyyət, maliyyə sektoru, təhsil, nəqliyyat, aviasiya sahələrində əməkdaşlıq zəruridir. Bütün bunlar əlaqələrin genişlənməsinə mühüm təkan verəcəkdir.
Prezidentlər Kəşmir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələləri ətrafında geniş fikir mübadiləsi apardılar. Tərəflər problemlərin ədalətli, beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduqlarını, bu sahədə ölkələrimizin bir-birini bütün beynəlxalq təşkilatlarda daim dəstəklədiyini və gələcəkdə də dəstəkləyəcəyini vurğuladılar.