Prezident mükafatçısı: Növbəti məqsədim “Yüksəliş” müsabiqəsində iştirak etməkdir
Bakı, 24 fevral, AZƏRTAC
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “IDDA Awards 2022”nin qalibi seçilməyim mənim üçün dəyərli bir mükafat oldu. Düşünürəm ki, uğur yolunda daha bir addım atdım. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 2021-ci il üzrə təşkil etdiyi mükafatlandırma mərasimində “Texnologiya və innovasiya sahəsində ilin influenseri (blogeri)” seçilmişdim. Bu il isə 2024-cü ildə Gənclər üçün Prezident mükafatına layiq görülməyim məni çox xoşbəxt etdi.
Bu barədə AZƏRTAC-a açıqlamasında “IDDA Awards 2022”nin qalibi, “Viveka Mentorship Program”ın məzunu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə müxtəlif istiqamətlərdə sıx əməkdaşlıq edən, “Tedroid Media Group”un rəhbəri Tariyel Ağazadə deyib.
“Ölkəmizdə gənclərin fəaliyyətinə yüksək dəyər verən və dəstək göstərən hər kəsə təşəkkürümü bildirmək istəyirəm. İnnovasiya və sahibkarlıq istiqamətində daha böyük uğurlar qazanmaq üçün çalışacağam. Bu işin davamı olaraq növbəti məqsədim “Yüksəliş” müsabiqəsinə müraciət edib, öz bacarıqlarımı yoxlamaqdır”, - deyə T.Ağazadə vurğulayıb.