PREZİDENT SARAYINDA RƏSMİ QARŞILANMA MƏRASİMİ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 12-də Pakistan İslam Respublikası Prezidentinin sarayında - “Ayvan-e-sədr”də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur.
Dövlətimizin başçısının şərəfinə sarayın qarşısında fəxri qarovul dəstəsi düzülmüşdü.
Pakistan Prezidenti Pərviz Müşərrəf Azərbaycan Prezidenti İlham Əliyevi böyük səmimiyyətlə və mehribanlıqla qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verdi.
Azərbaycanın və Pakistanın dövlət himnləri səsləndi. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Pakistanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Pərviz Müşərrəfə təqdim olundu.
Rəsmi qarşılanma mərasimində Pakistanın Baş naziri Şövkət Əziz iştirak edirdi.