PREZİDENT SARAYINDA RƏSMİ QARŞILANMA MƏRASİMİ
Oktyabrın 3-də Prezident sarayında Latviya Respublikasının Prezidenti xanım Vayra Vike-Freyberqanın rəsmi qarşılanma mərasimi olmuşdur.
Sarayın həyətindəki rəsmi qarşılanma mərasimlərinin keçirildiyi və hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verdi.
Azərbaycan dövlətinin başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva Latviya Prezidenti xanım Vayra Vike-Freyberqanı və həyat yoldaşı İmants Freyberqsi səmimiyyətlə qarşıladılar.
Fəxri qarovul dəstəsinin rəisi Latviya Prezidentinə raport verdi.
Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında Latviyanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Prezidentlər İlham Əliyev və Vayra Vike-Freyberqa fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Latviya Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Latviya Prezidenti xanım Vayra Vike-Freyberqaya, Latviya nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olundu.