Prezidentin Basqalla bağlı Sərəncamında nəzərdə tutulan işlərin icrası bu yerlərə yeni həyat gətirəcək
İsmayıllı, 21 iyul, AZƏRTAC
İsmayıllı rayonunun Basqal qəsəbəsi Azərbaycanın zəngin tarixə və bənzərsiz təbiətə malik qədim yaşayış məntəqələrindəndir. Prezident İlham Əliyevin “Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında” 2018-ci il oktyabrın 3-də imzaladığı Sərəncamdan irəli gələn vəzifələrin icrası istiqamətində görülən işlər bu yerlərə yeni həyat gətirməkdədir.
AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, Sərəncamda qarşıya qoyulan vəzifələrə müvafiq olaraq Basqal-Sulut avtomobil yolu yenidən qurulur. Muğanlı-İsmayıllı magistralının 17-ci kilometrliyindən başlayan yerli əhəmiyyətli yol 10 kəndi, eləcə də Tağlabiyan, Kəlfərəc, Mücü, Zeyvə, Xankəndi və digər yaşayış məntəqələrini birləşdirir. Uzunluğu 31 kilometr, eni 6 metr olacaq yolun yenidən asfaltlanması, körpü və suötürücü kollektorların quraşdırılması nəzərdə tutulur. İlkin olaraq 1,3 kilometrlik Basqal dairəvi yolunun tikintisinə başlanılıb.
Qəsəbənin Qoşabulaq və Dəmirçibazar küçələrinin görünüşünü korlayan qaz xətlərinin boruları yerin altı ilə çəkilir ki, bu da qoruqla əlaqədar layihənin bir hissəsidir. Bundan əlavə, 17,6 hektarlıq ərazidə “Basqal” Ailə Sağlamlıq və İstirahət Kompleksi tikilir.
Qeyd edək ki, dövlətimizin başçısının Sərəncamında tarix və mədəniyyət abidələri üzərində bərpa-konservasiya, rekonstruksiya işlərinin aparılması, ənənəvi xalq sənətkarlığı növlərinin dirçəldilməsi, istirahət-turizm infrastrukturu obyektlərinin və xidmət sahələrinin yaradılması da nəzərdə tutulur. Bundan başqa, yeni iş yerlərinin açılması da zəruri məsələ kimi qarşıya qoyulub.