PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Dövlətimizin başçısı Pakistanda oktyabrın 8-də baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı qardaş Pakistan xalqına şəxsən öz adından və bütün Azərbaycan xalqı adından bir daha dərin hüznlə başsağlığı vermişdir. Prezident İlham Əliyev Pakistandakı son vəziyyətlə maraqlanmış, Pakistan xalqının böyük mətinliklə bu ağır sınağı dəf edəcəyinə əminliyini vurğulamışdır. O, Azərbaycan hökumətinin zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı bundan sonra da hər cür yardım göstərməyə hazır olduğunu vurğulamış, Pakistanda donor ölkələrin beynəlxalq konfransına Azərbaycan Respublikası Baş nazirinin birinci müavinin rəhbərliyi ilə nümayəndə heyətinin göndərildiyini bildirmişdir.
Prezident Pərviz Müşərrəf telefon zəngi və başsağlığı ilə əlaqədar dərin minnətdarlığını ifadə etmiş, Pakistanda zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən tədbirlərdən danışmışdır. O, dost və qardaş ölkə olan Azərbaycan tərəfindən zəlzələnin nəticələri ilə bağlı Pakistana göstərilən yardımı yüksək qiymətləndirmiş və təşəkkürünü bildirmişdir.
Ölkə başçıları Azərbaycanla Pakistan arasında ikitərəfli münasibətlərin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın uğurlu inkişafından məmnunluqlarını ifadə etmişlər.
Telefon söhbəti zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə edilmişdir.