PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Avqustun 28-də axşam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə telefonla zəng etmişdir.
Dövlətimizin başçısı Abdullah Gülü Prezident seçilməsi münasibətilə təbrik etmiş, dost və qardaş Türkiyə xalqının firavanlığı və inkişafı naminə ali dövlətçilik fəaliyyətində uğurlar arzulamışdır.
Cənab Abdullah Gül göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Hər iki Prezident ölkələrimiz və xalqlarımız arasında münasibətlərin bütün sahələrdə bundan sonra da hərtərəfli inkişaf edəcəyinə əmin olduqlarını bildirmişlər.
Telefon söhbəti zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilmişdir.