Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov ikinci “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
Bakı, 12 may, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov ikinci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində layihə qaliblərindən biri olan Emil Məmmədli ilə növbəti dəfə görüş keçirib.
AZƏRTAC xəbər verir ki, görüşdə Emil Məmmədlinin 1 illik fərdi inkişaf planı nəzərdən keçirilib, proqram çərçivəsində ötən görüşdə müsabiqə qalibi üçün planlaşdırılmış işlərin icra vəziyyəti müzakirə olunub, o cümlədən gələcəkdə atılacaq addımlar nəzərdən keçirilib. Müzakirə zamanı Azərbaycan Respublikası Prezidentinin kadr islahatı siyasətini rəhbər tutaraq gənclərin dövlət idarəçiliyində önə çəkilməsi istiqamətində görülən işlərdən danışılıb. “Yüksəliş” müsabiqəsinin bu istiqamətdəki rolu və əhəmiyyəti diqqətə çatdırılıb. Emil Məmmədlinin uğurlu fəaliyyətini yaxından izləyən mentoru Emin Hüseynov gələcəkdə daha yaxın əlaqələr qurmaq üçün şəbəkələşmənin genişləndirilməsi istiqamətində ortaq layihələrin həyata keçirilməsi üçün mövcud əməkdaşlıq imkanlarını dəyərləndirib. Görüşün sonunda Emin Hüseynov fərdi inkişaf planının icrası çərçivəsində ötən dövr ərzində görülən işlərin nəticələrini müsbət qiymətləndirib.
Proqram müddətində mentorun karyera planlaması və effektiv idarəçilik metodlarına dair məsləhətlərindən ciddi faydalandığını qeyd edən Emil Məmmədli ümumilikdə əldə edəcəyi təcrübə və biliklərin onun şəxsi inkişafı, gələcək fəaliyyəti üçün mühüm əhəmiyyətə malik olduğunu bildirib.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il dekabrın 20-də üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.